Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4296

Digər sorğular

Vicdan məsələsində şeyxə kömək

00:10  |    16 Avqust 2015  |   E-mail  |  Çapa göndər

“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir” (“Qurani-Kərim”. Əl-Bəqərə surəsi, 7-ci ayə) Bu yazı 33 ildir vicdan azadlığı axtarışında olan Şeyxülislama kömək məqsədi daşıyır.

Etimad Əsədov | [email protected]

Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda din və etiqad azadlığı ilə bağlı keçirilmiş beynəlxalq konfransdakı çıxışında Şeyxülislam özü etiraf edib: "33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm. Vicdan azadlığı sözünün tam mənasını mən özüm üçün ayırd edə bilmirəm. Hər bir insanın özünün əqidəsi var, ona ad qoymaq da çətindir. Vicdanın özünün nə olduğunu bilmək hələ çox çətindir". Bir-iki gün gözlədim, görüm, kimsə şeyximizə vicdan axtarışında kömək edəcəkmi? Gözlədim ki, bunu qələm əhli, istedadlı jurnalistlərimiz yazsın. Təəssüf. Bu işə qoşulmaq istəyənləri görmədim. 33 ildir axtarışda olan, əziyyət çəkən bir insana kömək etmək Allaha da əlbəttə xoş gedər. İmanlı birisi olaraq və vicdanı az-çox tanıdığımdan, Şeyximizə sadəcə və sadəcə Allah rizası üçün yardımçı olmaq istəyirəm ki, əsas sorğu-sual günündə “bir bəndənin vicdan axtarışlarına niyə kömək etmədin” kimi ağır yük altında qalmayım.

Ona görə də oxucuların peşəkar jurnalist olmadığımı nəzərə alıb yazıdakı qüsurları irad tutmayacaqlarına ümid edirəm. Həm də düşünürəm, çoxlu sayda iman əhli var ki, mənimlə həmfikirdilər və bu yazı necə deyərlər, əfkari-ümumiyyənin əksi kimi qəbul olunar. Şeyxülislamın bu “vicdan məsələsi” ilk olaraq Səməd Vurğunun “Vaqif” dramını yadıma saldı. Orta məktəbdə hətta ən zəif şagirdlər də “Vaqif”i sevir, onu əzbərləyirlər. Axıcı, rəvan, şirin dildə olduğu üçün. Yaman tez əzbərlənir. Vaqiflə Qacarın deyişməsi isə dillərdə dastandı; - Şair, hökmdarın hüzurundasan. - Bunu sizsiz belə anlayıram mən. - Bəs baş əymədiniz?.. -Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli!..” Və elə buradaca Şeyximizin axtardığı vicdan söhbəti ortaya gəlir. Qacarın istehzasına Vaqif belə cavab verir: “Vicdan dedikləri bir həqiqətdir, beşiyi, məzarı əbədiyyətdir!”. Allah Səməd Vurğuna qəni-qəni rəhmət eləsin. Quşu gözündən vurub. “Yek” tərifini verib vicdanın. Əbədi olan həqiqətdir. Həqiqətin qulusansa, o səni əbədiyyətə çatdıracaq. Allah-təala ancaq möminlərə, müttəqilərə əbədi Cənnət vəd edib. Allah-təala vədinə Sadiqdir! Bunu bizə Vaqifin dili ilə bir şair deyirdi. Bəlkə o vaxt uşaq idik, mənasını dərk etmirdik, amma yaşa dolduqca dərk etməyə başladıq. Yaradan tərəfindən yaradılmış olaraq buna borclu idik də. Xoş o kəslərin halına ki dərk etdilər.

Ola bilsin, hörmətli Şeyxülislam adi məktəbdə oxumayıb deyə, "Vaqif"i də keçməyib. Amma o daha böyük məktəb bitirib. Ali ruhani məktəbini. Və tayı-bərabəri olmayan möhtəşəm bir kitabdan - "Qurani-Kərim"dən dərs alıb. "Qurani-Kərim"i su kimi əzbər bilən və ya bilməli olan bir insanın 33 il müddətində vicdanın və vicdan azadlığının nə demək olduğunu ayırd edə bilməməsi fəlakətdir! 33 illik şeyximiz hələ də axtarışdadırsa, deməli, belə axtarışda olanlar çoxdur. Yardım edilməlidi bu adamlara. Vicdan bilirsiniz nədi? İçimizdəki ən böyük hakimin adıdır vicdan. Onu batindən kənarda niyə axtarırsınız? Tapa bilməzsiniz. O daxildədir. Sadəcə, daxilə - batinə, ürəyə, qəlbə baxmaq lazımdı. Əgər içinizdə vicdan adlı hakim yoxdursa, əlbəttə siz onun nə demək olduğunu bilməyəcəksiniz. Daxili hakiminiz yoxdursa, bəs necə mühakimə edirsiniz öz əməllərinizi? Kimdir sizin hakiminiz? İnsan birinci özünü ədalətlə mühakimə etməlidir ki, başqalarını da mühakimə edə bilsin. Yunan filosofu Platon deyirdi ki, nəfsinin müəllimi, vicdanının şagirdi ol. Onun şagirdi Aristotel isə müəlliminin aforizminə zahiri dəyişiklik etdi: İradənin hakimi, vicdanının əsiri ol!..

Hər iki fikirdə mahiyyət eynidir. Nəfsinə hakim ol, nəfsinin sənin üzərində qələbə çalmasına imkan vermə, nəfsini tərbiyələndir, vicdanın qarşısında isə dərs öyrənən şagird kimi ol. Vicdan sənin müəllimindir. Aristotel də eyni fikri deyir. İradənə - nəfsinə hakim ol, vicdanın isə əsirinə çevril. Qoy vicdanın səni idarə etsin. Ondan asılı ol. Vicdanın əsiri olanlardır əsl azad insanlar. İnsan azad olduğu zaman vicdanı da azad olur. Həqiqəti deyir, "Haqq" bağırır. Haqsızlığa, zülmə üsyan edir, Haqqın, ədalətin, həqiqətin yanında dayanır. Qarşısında yox. Haqqı müdafiə edir, haqsızlıq edənləri yox. Hansı cəmiyyətdə ki, nəticə verməyən vicdan axtarışları gedir, orada məzlumun ahı göyə qalxar. Xalqın evi başına uçurular. Mütrüblük edənlər, falçılar hansısa məmurlar tərəfindən xalqdan oğurlanan pullarla Həcc ziyarətinə göndərilər. Vətən uğrunda canını fəda edənlərsə 77-99 manatla taleyin ümidinə buraxılar, övladlarının qarşısında ata, xanımlarının qarşısında ərlik qürurunu itirər, müəllimi, həkimi və hakimi rüşvət burulğanında çapalayar, baş müftisi, üləması da bu haqsızlıqlara qarşı çıxmaq əvəzinə, vicdan azadlığı axtarışında olar.

Vicdan azadlığı olan yerdə isə həqiqət gizlədilməz, insanlar haqqı deməkdən çəkinməz və beləliklə, insanlara hürriyyət nəsib olar. Ümmət azad - hürr yaşayar. Mənim dərkimcə, vicdan həm də iman deməkdi. İmanla vicdan əkizdi - qoşadı. Özünü Allahın qulu, müsəlman sayanlar ilk növbədə imanlı olmalıdır. İmanı olanın vicdanı da olar. Çünki imanlı şəxs Allahdan qorxub həqiqəti deyər. Əgər bəndədən qorxub həqiqəti deməkdən çəkinirsə də, heç olmasa yalan danışmaz, riyakarlıq etməz, susub bir kənarda dayanar. İmanlı olmaq nədirsə - vicdan azadlığı da odur. İmam Hüseyn əleyhissalam kəlamıdır - Zülmə qarşı haqq söyləmək cihadların ən üstünüdür! Vicdan azadlığı zülmə qarşı cihadda təcəalla tapır. Vicdanı olan haqq uğrunda savaşar. Xalq şairi, ustad Bəxtiyar Vahabzadə nə gözəl deyib: Vicdan adlı bir mələkdən üz döndərib İblisliklə barındıqsa, Ləyaqəti tapdalayıb Özümüzdən yuxarıya yarındıqsa, Dinimizi pula satıb Özgə dinə sığındıqsa, Ruhanimiz dəllal isə, tacir isə, Anasının əmcəyini kəsən ilə əlbir isə, Rüşvət "Hacı" rütbəsini qazanmağa tədbir isə, Demək yoxmuş Allahımız. Hara gedir sabahımız?.. Allahın yaratdığı ən pak məxluqlardı mələklər. Axirətdə onların yazı-pozusuna möhtac qalacağıq. Kim bilməsə də, ruhanilərimiz yaxşı bilir ki, sağımızda, solumuzda bizə keşikçi təyin edilmiş mələklər yazır əməlləri. Onların yazdıqları ilə mühakimə olunacağıq. Vicdan bir mələkdir. O, rüşvət almır ki, xeyrimizə hökm çıxarsın. Vicdan mələyini nəfslə onu çirkləndirməyin cəzası ağırdır. Bir var, insan bilməzdən pis bir iş görsün, onun cəzası bəlkə də yüngül olar, amma bilə-bilə vicdanını daxilində buxovlayıb, guya onu çöldə-bayırda axtarırmış kimi özünü göstərən və sonra da "tapmadığından" gileylənənlərin cəzası çox ağır olacaq. Yazıq o kəslərin halına ki, gözləri baxdığı halda görmürlər, dilləri olduğu halda həqiqəti danışmırlar, qulaqları ola-ola həqiqəti eşitmirlər. Belələri haqqında Rəbbimiz deyib: Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Əl-Bəqərə surəsi, 18-ci ayə. Vay bizim halımıza ki, vicdanın nə demək olduğunu üləmalardan eşitməli və öyrənməli olduğumuz halda, onlara qısa bir vicdan dərsi keçmək məcburiyyətində qaldıq. Bir də, deyirlər, Allah bəndəsinə siqnalları vicdan vasitəsilə ötürür. Sonra o siqnallar ağıla, ordan da iradəyə keçir. İradəsi möhkəm olanlar siqnalın diktə etdiyini həyata keçirir, iradəsi zəif olanlarsa qorxaqlıq nümayiş etdirib o səsi içində boğur. Cəmiyyətimizə möhkəm iradəlilərin çox olması arzusuyla...

Hacı Etimad Əsədov
"Qarabağ Qaziləri" İctimai Birliyinin sədri
“Şərq” qəzeti, Noyabr 2012-ci il

Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
29.04.2016 Cənnət yolçuları...
14.11.2015 “Karlar” “korlar” ittifaqının növbəti toplantısı...
21.04.2015 Kar, kor, lal Avropa