Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4972

Digər sorğular

Əsgərin arzuları

14:38  |    10 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Əsgərin çox arzuları olur. Bəziləri maşın arzusunda, bəziləri biznesmen olmaq xəyalları ilə yaşayır. Silahı çiyninə alıb postda dayanmaq gələcək barədə təsəvvürlərin aydınlandığı əsl məqamlardan biridir. Və yaxud da fasilə zamanı bir əsgər digər əsgər yoldaşlarına gələcək planları barədə danışıb söhbətləşirlәr. Şərt o deyil ki, bunlar hamısı olacaq, xeyr, bəzən əlçatmaz mühitlərdə xəyallar qurmaq nail olmaqdan qat-qat üstün və əyləncəlidir. Yaşamışam, görmüşəm. Taqımımızda sevdiyi olanlar da olub, həsrət çəkirdilər, imkanlı ailənin övladları da olub maraqlı və bahalı fantaziyalar qururdular və nəhayət ali təhsilli "qocalar”ımız da vardı, bax onlar da film kimi karyera dalınca qaçırdılar. Bütün bunlar və daha artıqları Nəzarət Buraxılış Məntəqəsindən hərbi biletini alıb doğmalarının yanına qayıdana qədər mümkünlüyünü saxlayırdı. Elə ki aylardır görmədiyin darıxdığın ailə mühitinə qayıtdın, deməli, arzular limanında batan gəmini izləməli olursan.

Rüfət Soltan | [email protected]

Əsgərə bağlama gələndə orada mütləq bir qeyd dəftərçəsi də olmalı idi. İllərdir məktəbdə ədəbiyyat oxumayan, şeir əzbərləməyən və nəticədə ali məktəbə daxil olmayıb hərbi xidmətə yollanan bu "balaca”lar indi qələmi əlinə alıb şair olur. Amma onu deyim ki, hərbi xidmət dövründə çoxlu sayda istedadlar üzə çıxır. Söz sənətindən anlayışı olanlar şahidi olur ki, neçə maraqlı bəndlər, təsirli sözlər var qeyd dəftərlərində. Və bir də görürsən ki, günün günorta çağında Qərargahdan yoxlama gəlib sənə sürpriz edir. "Üst-baş yoxlanışa!” və s. Mayor görür ki, cibində qaralam saxlamısan, alır əlinə baxır və bu qədər mənalı sözlərindən heç bir şey anlamayıb bunu təxribat kimi boynuna yazır. Nəticədə düşüncələrinin və qələminin bəlasına düşürsən. "Day-day”ın varsa bu işi asanlıqla yoluna qoya biləcəklər, amma o qeyd dəftəri getdi bir də gəlməz. mülki həyata qayıdııb gerçəkləşməkdən əlini üzdüyün arzuların kimi. Bir dəfə mənim də başıma belə bir hadisə gəlmişdi. Artıq 3-cü qeyd dəftərimi bitirmək üzrəydim ki, evə göndərim. Amma posta dayanan zaman qəfil yoxlamanın tələsinə düşdüm. Təcrübəli mayor "Sonuncu” qeyd dəftərimə baxıb ilk səhifəsində gördüyü cümləni oxuduqdan sonra nə düşündüsə, elə həmin an məni təxribatçı kimi qələmə verib birbaşa Qәrargaha apardı. Sizə də maraqlıdırsa deyim həmin ilk səhifədə nə yazılmışdı: ƏSGƏRİN ÖLÜMÜ HADİSƏ, ZABİTİN ÖLÜMÜ FACİƏDİR.

Bu hikməti sözü illər əvvəl hələ uşaq ikən haradasa eşitmiş, yaxud oxumuşdum. Hələ yadımdadır bir ziyalı adam da mənə onun mənasını izah etmişdi. Yəni başdansovdu istifadə edilmiş kəlam deyil. Onda bir məna olduğunu çox yaxşı başa düşürdüm. Ancaq mayorumuzun bunu anlamayaraq təxribat adlandırması məni çox təəccübləndirdi. O cümlələri oxuyarkən mən əksini düşünürdüm. İndi mənə sığal çəkəcək və gənc ziyalı kimi şifahi tərif yağdıracaq. Həqiqətən belə düşünürdüm, lakin belə olmadı.

Xoşbəxtlikdən xidmət etdiyim "N” saylı hərbi hissədə qulluq edən zabitlərdən biri tanışım çıxdı və bu təxribat quyusundan məni dartıb çıxara bildi. Sağ olsun!.. Amma dediyim kimi o gedən dəftər bir də geri qayıtmadı. Sonuncu əmanət daha dəyərli olur deyirlər. Ola bilsin ki, elə sonuncu olduğu, daha sonra belə bir qeyd dəftəri olmayacağı üçün bu qədər dəyərli sayıla bilər. Görkəmli yazıçı Viktor Hüqonun bir kəlamı var: "Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər şeylər yaşayın”. Hər kəsin həyatında müxtəlif mühitlərdə fərqli dəyərləri var. Məhz əsgərə də hərbi mühitdə yeganə qalan dəyər elə bu qeyd dəftərləri olur. İnanın mənə, Müdafiə Nazirliyi son illərdə hərbi qulluqçularımıza yüksək dəyərlәr verib, qidalanma şəraiti yüksək səviyyədədir, silah-sursat kifayәt qәdәr, hərbçilərin maddi-məişət təminatına isə söz ola bilməz, ancaq 1 il və ya bir il yarımlıq xidmət dövründən sonra əsgərə nə qalır deyə soruşsanız, vicdan, əzm, dünyagörüşü və qeyd dəftəri.

Xəyallar, arzular bəzən də xülyalar, sənin ola bilməyəcək sevdiyin qız və saydığın günlər bu qeyd dəftərində həkk olunan mövzulardır. Hərçənd qayıtdıqdan sonra onu cırıb ata da bilərsən, bu sənin təbii haqqındır. Lakin Hüqonun dediyi kimi nələrəsə həyatında dəyər verən birisənsə, gerçəkləşdirə bilmədiyin arzu və xəyallarını hər zaman xatirə olaraq yanında saxlayacaqsan. Çünki onlar səninlə bərabər qurtarmaq bilməyən xidmət günlərini sayıblar.

Elə bir əsgər yoxdur ki, hərbi xidməti dövründə gün saymasın. Gün saymaq psixoloji olaraq hәr bir hərbi qulluqçunun ayrılmaz parçasıdır. Hərbi xidmətdə günlərini təkcə sıravi əsgərlər saymır elə "Maxe”sindən tutmuş zabitinə kimi hər kəs vaxt ötürür. Qeyd edim ki, bunun vətənpərvərliklə heç bir əlaqəsi yoxdur. Bir patriotun gün saymağı onun təbii haqqıdır. Düşmən nifrəti bizdən daha güclü, vətənə sədaqəti müqayisə olunmayacaq qədər mərd oğullarımız belə hərbi xidmətdə hər günü təntənə ilə yola salırdılar. Çünki nəticədə onların da arzuları və xəyalları var.

Bilirsinizmi, bəzi yoldaşların arzuları elə əsgərlik dövründəcə quma gömülür?

Bunun dəfələrlə şahidi olmuşam, postda dayanarkən bəd xəbər eşidənləri, bir telefon zəngi ilə qara xəbərə şahid olanları, qısası doğmalarından kimisə itirənləri və özü şəhid olanları. Bundan sonra həmin qulluqçu nәinki arzuları qalır, heç xülyalar da qura bilmir ki, bilmir. Anan ölsün bala deyəndə gedib şəhid olan oğullarımızla yoldaşlıq etmək hər adama nəsib olmur. Aylarla bir məkanda vətən üçün çaba göstərdiyin, günlərcə bir boşqabdan yemək yediyin, dost olduğun biri sabah torpağı uğurunda qəhrəmancasına şəhid olanda insan sanki bir neçə yaş daha böyüyür. Müsahibələrimdə bir çox veteranlarla, qazilərlə maraqlı söhbətlərimiz olub. Diqqət yetirmişəm ki, hər bir qazi söhbətə başlayanda ilk xatirəsi şəhid olmuş əsgər yoldaşları ilə bağlı olur. Fəxarətlə danışıb kədərlə cümləsini bitirirdi qazi.

Şəhid oldunsa onda arzular da sənin ruhuna qarışıb göylərə sovrulur. Yəqin ki, şəhid cənnətdə həmin arzularını yaşayır. Ön xəttə qulluq etmək o deməkdir ki, bu gün, ya sabah savaş başlaya bilər. Heç kim ölümdən sığortalanmayıb orada. Bax elə buna görə də əsgərlikdə olmayacaq şeylərin arzusu sadəcә arzu olaraq qalır. Əsgərin arzusu sadəcə arzu olaraq qalır!


Rüfət Soltan

Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
06.03.2017 ŞƏHİD KOMANDİRLƏRİM
09.02.2017 Jurnalist olmaq
30.01.2017 Məni çağır gəlim
27.01.2017 Tanrı türkləri sevir
30.10.2016 Siqaret kimidir, tərgitmək olmur