Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4470

Digər sorğular

Daldan atılan 1039 manat...

19:16  |    07 Avqust 2016  |   E-mail  |  Çapa göndər


O ailələrin ki, kişisi, böyüyü, əri yoxdur və bu heç kəsin gözəmədiyi halda baş verir, həmin gündən o evlərdə hər şey, hamının həyatı dəyişir.

Jalə Mütəllimova |

Məsələn, bir qadın anlayır ki, gedən təkcə evin kişisi deyil, həm də onun həyatının bir parçası, uşağının atası, hər kəsdən küsüb inciyəndə yanına qəlbinə sığındığı adamı, sevgilisi, dostu, bir sözlə həyatıdır...

Ailənin böyük övladı anlayır ki, evin kişisi oldu artıq. Yeniyetməliyini, gəncliyini düşündüyü kimi, düşündüyü qədər yaşaya bilməyəcək bundan sonra. Çünki qarışısında ailə məsuliyyəti kimi ağır yük çəkməli, anasına dəstək, arxa, özündən kiçik qardaşlarına kişilik məktəbidir daha...

Qaldı kiçik qardaşlara, həmin körpələr ki, evlərində tabut, ağlaşma, fəryad, göz yaşı gördülər. O andan oldular uşaqlıqlarını itirmiş balaca kişilər...

Yəni o evdə ki, kişi yoxdur, heç kəsin gözləmədiyi məqamda “vətən sağ olsun” deyib ölümə gedib, həmin evdə həyat ritmi sıfırlanıb yenidən başlayan kimi olur.

Şəhidi olan bütün evlər belədir. Yaralı və həssas. Çox ağır məsələdir. Yaşamayan bilməz deyirlər bəzən. Amma bu fikirlə razı deyiləm. Niyəsini soruşsanız deyərəm ki, bu şeyləri nəinki yaşamaq, hətta yaşaya biləcəyini ehtimal eləmək, düşünmək belə dəhşətlidir. O ki, qaldı yaşayasan və ya yaşayanı başa düşməyəsən.

Bir də o ailələr ki, bizə görə kişisiz qalıb, o uşaqlar ki, biz yaxşı yeyə, gəzə, dincələ, oynaya, pul qazana bilək deyə atasız olublar onları incitmək günahdır. O üzdən bizim şəhid ailələri qarşısında həm vətəndaş, həm dövlət, həm də millət olaraq borcumuz var. Bu borcu dövlətin yerinə yetirdiyindən adım kimi əminəm. Amma dövlətlə vətəndaş arasında körpü olan məmurlar ikisini də rəzil edir. Dövləti vətəndaş qarşısında üzüqara qoyur. Vətəndaşı öldüyünə də, öldürdüyünə də peşiman eləyir. Hər ikisi bir yana kənardan baxan düşməni də bizə güldürür, başımızı aşağı eləyirlər.

Bu günlərdə şəhid polkovnik-leytenant Raqub Orucovun ailəsinin, o ailəsinin ki, başçisini, evin kişisini itirdiyinə görə az qala fəxr eləyirdi, deyirdi ki, “Vətən sağ olsun!”, bax o ailənin xanımı övladlarına verilməsi nəzərdə tutulan vəsaitin düz dörd aydır yubadıldığını söylədi. Yerli məmurların ona guya ki, müvafiq sənədlərin nazirliklərdən hələ göndərilmədiyini dedi.

Öz payıma utanmadım, yerin dibinə girdim. Bəlkə elə bu cümlələri də ordayammış kimi yazdım. Ümumiyyətlə, bu kimi məsələlərdən xəcalətimdən girib yerin altındaymışam kimi yazanda ha çalışıram orda, yerin alt qatında çevrəmdə bircə məmur görəm, görə bilmirəm. Çünki onlar yerin üstündə dövlətin adını biabır eləməklə məşğuldurlar. Mənim kimi yerin altına girib utanmaqdan nə fayda?!..

Çünki dövlət “elədiyimi ailələr eləməmisiniz” kimi hayqıranda “eləmişik, onlar yalan deyir, çox pul istəyir” kimi ittihamların ssenarisini də hazırlamaq lazımdır axı. Yəni istənilən halda dövlətin “niyə olmayıb?” sualını məmur əfəndilər necəsə arqumentləşdirməlidirlər.

Düzdür o məsələ artıq müsbət həllini tapıb. Amma bu müsbət həllin ardınca həmin arqumentləşdirmə mərhələsi o müavinəti, təqaüdü ödəməməkdən daha biabırçı mənzərə yaradır. Adamların üzünə durub “sən yalançısan” deyib aşağılamaq olmaz.

Bir də ki, əgər belə idisə niyə o məsələ mətbuata çıxanda həmən reaksiya verilmədi? Niyə ölüsü urvatdan salmalındı o ailənin? Niyə yazıq görkəmdə şəkilləri saytları “bəzədi?”, niyə məsələyə nazir, nazirlik və başqaları səviyyəsində müdaxilə olunandan sonra tərpəndi məmur bəylər? Niyə atasının qanına görə pulunu o uşaqlar anaları alçalandan sonra aldı? Niyə o qadın idarələrin qapısında ləlik oldu?

Ümumiyyətlə niyə belə ailələr Allaha üz tutub “ya Allah, gün o gün olsun mənim evimdəki zülümü bunlar da çəksin”,- deyib fəryad eləməlidir? Niyə bu məmləkətdə insanların ahını bu qədər üstlənirsiniz?! Axı verəcəyiniz pul cibinizin yox, dövlətindir...

Əslində vəziyyət ona görə belə olur ki, dövləti vətəndaş yanında və dünyada biabır eləyən məmurların insaf və vicdanları ilə bağlı problemləri var.

Bircə onu bilmirəm, biz rahat gəzək deyə torpaq altında yatan, torpaq olan Raqub Orucov kimi komandirlərin günahı nə idi ki, onun ailəsi və övladları belə vicdan və insaf problemli adamlara rast gəlirlər.

Kiməsə ağıl vermək, qınamaq fikrim də yox. Çünki hər kəs özü bildiyi qədər anlayır, bacardığı qədər cavab verir, gücü yetdiyi qədər vicdanlı olur. İndi yəqin bir gün içlərində uyudub yatırtdıqları vicdanları silkələyib hesabat tələb edəcək, onlardan soruşacaq ki, “niyə elədin?”... Ya da “niyə eləmədin?”

Bax, onda hislərin əfəndisi vicdana nə desəniz faydası olmayacaq. Çünki o vicdan bilir ki, sizin bu qədər niyələrdən, suallardan sonra həll elədiyiniz o 1039 manat daldan atılan daş kimi bir şeydir. Daldan atılan 1039 manatdır, vəssalam.

Siz onu şəhidə sayğıdan, sevgidən, rəğbətdən yox, qorxunuzdan həll eləmisiniz. Sabah iclaslarda nazirlər sizin, sonra başqaları da müşavirələrdə nazirlərinizin boyunu “bəzəməsin” deyə özünüzü sığortalamısınız. Əslində heç nə lazım deyidi. Nə qorxmaq, nə hələ yarası qaysaq da bağlamamış birini o cür yaralamaq, nə də təmsilçisi olduğunuz o boyda idarələri, nufuzlu adamları və dövləti belə zora salmaq. Sadəcə insaf, mürvət, vicdanlı olmaq yetərli idi. Hərəsindən bircə qramı işə salın. Öz canınızı da, bizi də bu bəlalardan qurtarın. Yoxsa 1039 manatı daldan tullamaqla iş düzəlmir axı. Bunun təkcə bu dünyada yox, o biri dünyada da haqq-hesabı olacaq.

Qaldı oxuyub düşünənlər ki, ağıl verib dərs keçməyə ehtiyac yoxdur, onlara da cavab var. Ola bilər maddiyyat olaraq çox şeyim yoxdur. Amma olan nələrimizdə məsələn vicdan, insaf, ədalət məsələləri barədə çoxuna mühazirə oxuyacaq qədər varıq. Öz adıma əminəmi ki, çoxunuzu xilas eləmək olar hələ məmur cənablar...

Bir də şəhidi olan adam pul istəməz, ayıbdır, deyənlərədir sözüm. Əslində onun istəməyi bizim, qoyun düzünü deyim, qanmazlığımızdır. O deməməlidir, biz görüb verməli, eləməliyik. Öz xahiş limitlərimizdən hərdən başqası üçün də faydalanmalıyıq. Biz lazım gəlsə boğazımızdan kəsib yedirtməli, geydirməliyik onları. Ölənəcən borcluyuq çünki. Biz vətən, millət, dövlət olaq deyə o evlərin kişiləri can verib. Bu boynumuzda qalan haqdır, borcdur. Bizə “niyə borcunuzu vermirsiniz?”, demir onlar, “nolar haqqımızı almağa kömək edin”, xahişində bulunurlar. İndi gərəkən bu ki, biz üzürxahlıq eləyib sakitcə çəkilək kənara. Adamların üzünə durmaq onları ancaq aqressiv edir, sakitləşdirmir cənablar. Aqressiv adamların sayını sürətlə artırmayın bu məmləkətdə. Yoxsa hamımıza yazıq olacaq bir gün...

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları