Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4303

Digər sorğular

“Deyəndə ”pis kişi“ olursan, deməyəndə...“

14:34  |    18 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Musavat.com saytı Qarabağ Qazilər Cəmiyyətinin sədri Etimad Əsədovun müsahibəsini təqdim edib. QAZİLER.AZ həmin müsahibəni oxucuların diqqətinə çatdırır:

Etimad Əsədov: “Hətta elə Qarabağ şəhidi var ki, ailəsi bu günədək qanpulunu almayıb, həmin şəhidin övladı da gedib şəhid olub”

Qarabağ cəbhəsindəki son döyüşlər, əsgər və zabitlərimizin torpaqlarımız uğrunda tərəddüd belə etmədən canını fəda etməsi, arxa cəbhədəki böyük ruh yüksəkliyi xalqımızın gerçək obrazını bir daha üzə çıxartdı, dost-düşmənə tanıtdı. İşğal altındakı ərazilərimizi vətənin ayrılmaz hissəsi sayan, bu yolda ölüm-dirim savaşına qatılan vətən oğullarına, onların ailə üzvlərinə yüksək ehtiramın labüdlüyü bu məqamda dəfələrlə vurğulandı.

Ötən həftə Qarabağ Qazilər Cəmiyyətinin rəhbərliyi, sədr Etimad Əsədov, müavini Firudin Məmmədov və mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb şəhid ailələri və qazilərin problemlərini müzakirə ediblər. E.Əsədovla bu barədə danışdıq, keçmiş döyüşçülərin durumuna nəzər saldıq.

- Etimad bəy, nazirlə görüş zərurəti hardan yarandı, nələri müzakirə etdiniz?

- Bizim əmək və əhalinin sosial müdafiəsi naziri ilə tez-tez görüşlərimiz olur. İki-üç aydan bir görüşürük və bunun da çox yaxşı nəticələr verdiyini deyə bilərik. O mənada ki, müəyyən təkliflərlə çıxış edirik, hətta bizim nazirə etdiyimiz müraciət prezidentə də çatdırılıb, bunun nəticəsi olub. Bir il bundan öncə Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onun dövlət tərəfindən ödənilməsi, prezident təqaüdlərinin ödənilməsi məsələsi qaldırılmışdı. Bu görüşdə bizim müəyyən təkliflərimiz var idi. 10-15 il bundan öncə avtomobil almış müharibə əlilləri var ki, çox ağır durumdadırlar. Onlar hər iki əli, ayağı, yaxud gözlərindən məhrum olan, əlil arabasına məhkum olan insanlardır. İstəyirik ki, onlara növbədənkənar maşınlar verilsin. İkinci tərəfdən də əlillərin sosial müdafiəsi haqqında qanunda belə bir maddə var ki, bu qəbildən olan insanlar hansısa idarə-müəssisələrə gedərkən növbədənkənar qəbul olunurlar. Ancaq bununla bağlı lövhələr heç yerdə asılmayıb. Əlillər də hansısa ünvana gedərkən utanırlar ki, desinlər ayağım yoxdur, məni növbədənkənar buraxın. Ona görə də lövhələr asılmalıdır ki, bu insanlar növbədənkənar keçməlidir, saatlarla gözləməməlidir. Bu məsələni nazirin diqqətinə çatdırdıq, o da yaxşı qarşıladı. Dedi ki, konkret maddə göstərilməklə bu məsələnin həyata keçirilməsi barədə bütün qurumlara müraciət göndəriləcək. Bir də əlillərin iş problemi ilə bağlı məsələ qaldırdıq. Məsələn, Daxili İşlər Nazirliyi Qarabağda şəhid olmuş insanların övladlarını polis orqanlarında işə qəbul edir. Amma başqa əlillər, şəhid ailələri var ki, onların övladları iş yerləri tapa bilmir. Biz əmək və əhalinin sosial müdafiəsi nazirindən kömək istədik ki, başqa qurumlar da belə insanları işə götürsünlər. Məsələn, qardaş Türkiyədə qanun var ki, şəhid olan şəxsin ata-anası, bacı-qardaşı ailəyə kömək məqsədilə mütləq dövlət işinə götürülür. Nazir də dedi ki, təkliflərinizi rəsmi qaydada yazın, gətirin, çünki bu, birbaşa bizim həll edəcəyimiz məsələ deyil, biz qanunvericilik orqanı qarşısında təkliflərlə çıxış etməliyik. Biz də təkliflərimizi rəsmi şəkildə təqdim edəcəyik, görək nə nəticə verəcək. Eləcə də ağır durumda olan, yataq xəstəsi olan insanların himayəyə götürülməsi barədə razılığa gəldik. Biz 30 belə əlillərimizi iş adamlarının himayəsinə vermişik. Daha 30-40 nəfər iki ayağı, gözü olmayan insanlar var ki, onların bir qurum tərəfindən işə, yaxud himayəyə götürülməsi barədə müsbət cavab var və bununla bağlı danışıqlarımız olacaq.

“Müharibə ilə bağlı fəaliyyət göstərən QHT-lərin toplantısını keçirməyi planlaşdırırıq”

- Uzun müddətdir ki, şəhid ailələrinə və əlillərə “qanpulu” deyilən sığorta haqqının ödənilməsi məsələsi müzakirə mövzusudur. Bununla bağlı nə yenilik var?

- Biz mütəmadi olaraq bu məsələni diqqət mərkəzində saxlayırıq. Dəfələrlə parlamentdə olmuşuq, mətbuatda danışırıq. Bu görüşdə də müzakirə etdik. Yüzlərlə Qarabağ müharibəsi əlili və şəhid ailəsi qanuni haqları olan həmin icbari sığorta - qanpulunun alınması ilə bağlı müraciət edib. Konstitusiya Məhkəməsinin konkret qərarı var ki, bu vəsait şəhid ailələrinə və Qarabağ əlillərinə ödənilsin. Bunun ödənilmə qaydasının müəyyənləşdirilməsi Milli Məclisə həvalə edilib. Milli Məclis də “bu, bizim işimiz deyil” deyib bunu Nazirlər Kabinetinə göndərib. Biz də Nazirlər Kabinetinə də müraciət etmişik. Amma hələ bir nəticə yoxdur. Çox təəssüflər olsun ki, bizim deputatlarla görüşlərimizə, sanballı QHT rəhbərlərinin imzası ilə rəsmi qurumlara göndərdiyimiz müraciətlərə hələ bir cavab verilməyib. İndiki həssas məqamda, ordumuzun yeni şəhidlər verərək bir sıra yüksəklikləri düşməndən təmizlədiyi, Azərbaycan xalqının Vətən uğrunda hər zaman övladlarını qurban verməyə hazır olduğunu növbəti dəfə nümayiş etdirdiyi zamanda şəhidlərin qanpulu problemi həll olunmursa, çox təəssüflər olsun. Bunu parlament bilir, Nazirlər Kabineti bilir, yenə də məsələ həllini tapmır. Hətta elə Qarabağ şəhidi var ki, ailəsi bu günədək qanpulunu almayıb, həmin şəhidin övladı da gedib şəhid olub. Mən bunu dövlətə bağlı bir adam kimi deyirəm, dövlət bu vətəndaşa qiymət verməlidir, onun qeydinə qalmalıdır. Bir insan ki, canını qurban verir, onun ailəsinin ehtiyaclarını müəyyən qədər ödəyəcək qanpulu mütləq verilməlidir. Özü də vaxtilə manatın dəyəri yüksək idi, indi dəyərdən də düşüb.

- Bu vəsaitin artırılması gündəmə gələ bilərmi?

- Heç dəyərdən düşmüş məbləği ala bilmirik axı... Bu vəsait şəhid ailələrinə 11 min manat, Qarabağ müharibəsi əlillərinə - 1-ci qrup 8 min, 2-ci qrup 6 min, 3-cü qrupsa 4 min manat civarındadır. Sığorta şirkətindən öyrənmişik, cəmi 200 milyon manat edir. Hətta biz təklif etmişik ki, o vəsaitin hamısını birdən verməyin. Qarabağ əlilləri 11 min nəfərdir, onları kənara qoyaq, 13-14 minə yaxın şəhid ailəsinə bu vəsaiti lap hissə-hissə ödəməyə başlayın. Heç olmasa proses başlasın, bu insanlar da dövlətdən küsməsinlər, şəhid ailəsi öz övladının qarşısında sınmasın, bilsin ki, şəhid olan həyat yoldaşının övladlarına dövlətin göstərdiyi qayğı var.

- Qarabağ əlillərinə mənzillərin paylanması ilə bağlı da vaxtaşırı neqativlərin olmasından danışılır. Hazırda durum necədir?

- Nazirlə o barədə də söhbətimiz olub. Biz mənzillərin paylanması prosesinda iştirak edirik. Amma iş burasındadır ki, həmin neqativ hallar yenə də var, buna da səbəbkar icra hakimiyyətləridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç bir siyahı tutmur. Bütün rayon və şəhər icra hakimiyyətləri öz ərazilərində yaşayan əlillərin, şəhid ailələrinin ev növbəsi ilə bağlı siyahısını tərtib edir və nazirliyə göndərir. Nazirlik də həmin siyahı əsasında mənzilləri paylayır. Amma bizə məlumatlar daxil olur ki, icra hakimiyyətləri yerlərdə maraqları təmin olunmayınca həmin insanları incidir. Şəxsən bizdə bir neçə faktlar var. 2008, 2009, 2010-da növbəyə durmuş əlillər ev ala bilmir, amma 2011-2012-də növbəyə duranlar ev alırlar. Bunun da günahı icra hakimiyyətlərinin üzərinə düşür. Biz nazirliyə deyəndə ki, axı, daha əvvəl növbəyə duranlar var, cavab verirlər ki, siyahı icra hakimiyyətlərindən gəlib. Yaxşı olar ki, bu səlahiyyət icra hakimiyyətlərindən alınsın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilsin. Yəni o proses yenə də davam edir. Elə ötən həftə mənə bir müraciət daxil olub. Bərdədə xanımın 5 övladı - 3 qız, 2 oğlu ilə qalıb. Onun evinin bünövrəsini tikiblər, ancaq sonra işi yarımçıq qoyaraq çıxıb gəliblər. İcra hakimiyyəti o ailənin işini atıb arxaya, başqasını qabağa salıb və beləliklə, bu ailə mənzil ala bilmir.

- Sizi başqa hansı məsələlər narahat edir?

- Atəşkəs dövründə yaralanıb əlil olmuş xeyli insanlarımız var. Həmçinin, son toqquşmalarda sağlamlığını sağlamlığını itirmiş insanlar var, onlara da əlillik statusu veriləcək. Bu kateqoriyalı insanların pensiyası həddən artıq aşağıdır. Onlara 70 manat təqaüd verirlər. İnsan 70 manatla necə yaşaya bilər? Ona görə də biz deyirik ki, Qarabağ müharibəsi əlillərinin böyük bir hissəsi hərbi qulluqçu statusu ilə döyüşüblər. Bunlar 450-500 manat pensiya, üstəlik prezident təqaüdü alır və normal dolanırlar. Mən də onların içində olmaq şərtilə... Amma sovet dövründə hərbi xidmətdə olmayanlar, birbaşa müstəqil Azərbaycan ordusunda xidmət keçən, birinci Qarabağ savaşında yaralanan şəxslərə 290-300 manat civarında pensiya verilir. Nəzərə alsaq ki, Azərbaycan hökuməti minimum yaşayış həddini 125 manat açıqlayıb. Bunlarınsa 4-5 nəfərlik ailə üzvləri var. Heç olmasa, minimum yaşayış həddi miqdarında pensiya verilsin ki, bu insanlar da dolansın. Sizi inandırım, elələləri var ki, pensiyasının az olması ilə əlaqədar ailə də qurmayıblar, yaş da keçib gedir. Neftin qiyməti düşəndən sonra avtomobil və mənzillərin verilməsində bir az ləngimə müşahidə olunur. Cənab prezidentin sərəncamı var ki, 2018-ə qədər hamı mənzillə təmin olunsun. Amma bu sərəncam neftin qiymətinin yüksək olduğu vaxt verilmişdi. Belə görünür ki, vəsait çatışmazlığından sərəncama əməl olunmayacaq. Son günlər insanlarımızda ruh yüksəkliyinin yaranması bəzi iş adamlarını tərpədib. Məsələn, iki gün əvvəl mənə yaxın dostum zəng etdi ki, bir iş adamı var, müraciət edib ki, ağır durumda olan bir əlili tap, gətir, işə götürək, ona 250-300 manat maaş verəcəyik. Bizim iki gözü görməyən əlilimiz var, 3 uşaq atasıdır, uşaqlar da xəstədir, özü çağırışçı olduğu üçün hərbi qulluqçu statusu da yoxdur və 300 manatla yaşayır. Mən onun sənədlərini bu həftə təqdim edəcəyəm. Bizim iş adamlarımız insafa gəlib hərəsi bir-iki ağır durumda olan əlilləri işə götürsə, dövlətin də yükü azalar. Onlar bu dövlətdə iş qurub pul qazanırlar, dövləti qoruyarkən şikəst olanlar da xalqın balasıdır. Onlar da öz tərəfindən bu insanlara kömək etməlidir. Düzdür, bu insanlar dövlətin himayəsindədir, dövlət onları müalicə edir, protez, avtomobil, az-çox pensiya verir, amma bu, yetərli deyil. İş adamları da bu qəbildən olan insanlara arxa durmalıdır ki, dövlətə kömək olsun.

- Bakının hansısa ünvanında ticarətlə məşğul olmaq üçün ərazinin ayrılması, yaxud iri ticarət mərkəzlərində Qarabağ əlillərinin bizneslə məşğul olması məsələsini qaldırmaq olmazmı? Məsələn, “Binə” və ya “Sədərək” kimi mərkəzlərdə kifayət qədər boş yerlər var...

- Əvvəla, deyim ki, ayrıca ərazi ayırmırlar. Azərbaycanda torpaq sahələri də, şirkət qurmaq, bizneslə məşğul olmaq şansı imkanlı adamlara verilir. Bizə gələndə qanunların o biri üzvünü çevirib həmin ərazinin plana düşdüyünü deyir, yaxud başqa bəhanələrlə mənfi cavab verirlər. Lap torpaq sahələri ayrılmış olsa belə, bizim elə bir imkanımız yoxdur ki, onu tikib əlillərə verək. Amma hansısa ticarət mərkəzlərində yer ayrılması barədə düşünmək olar. 10-12 il bundan öncə biz məsələ qaldırmışdıq, Yasamalda və Nizamidə şəhid ailələri, Qarabağ əlilləri üçün 30-40 mağazalardan ibarət alış-veriş mərkəzləri tikdirdik, bu saat da həmin şəxslər orda işləyir. Hər bir rayonda belə ərazilər ayrılsa, çox yaxşı olar. Ola bilər ki, 10-15 maşın təmiri sexləri üçün yerlər ayrılsın, iş adamlarından xahiş edək, o sexlər qurulsun, əlillərimiz ora ustalar qoysun, işləsinlər, dövlətin də əlinə baxmasın. Artıq əlillərimizin balaları böyüyüb, elə o gənclər özləri işləyər. Azərbaycanda bu qədər gözəl tikinti işləri gedir, canını Vətən uğrunda fəda etmiş insanlara da bir yer ayırsınlar da. Belə məsələləri deyəndə “pis kişi” olursan, demirsən, Qarabağ əlillərinin ağır durumuna dözə bilmirsən.

- Etimad bəy, son günlər idmançılarımıza ayrılan vəsaitlə Qarabağ döyüşçülərinə verilən pensiyaların məbləği tez-tez müqayisə olunur. Keçmiş döyüşçülər özləri nə düşünür?

- İdmançılar da bayrağımızı qaldırır. Amma nəzərə alsaq ki, idmançılar barmaqla sayılacaq qədərdir. Amma 30 min Qarabağ əlili, şəhid ailələri, 60 minə yaxın veteran dövlətin himayəsindədir. İdmançıya mükafat bir dəfə verilir, Qarabağ əlili, şəhid ailəsi isə hər ay təqaüd alır, avtomobil və mənzillə təmin olunur. Odur ki, bunu demək idmançılara və dövlətə qarşı haqsızlıq olardı. Amma təəssüf doğuran budur ki, bəzi imkanlı adamlar, deputatlar həmin o idmançılara əlavə yardımlar göstərirlər, bax, bu, başadüşülən deyil. Qoy onlar əlil arabasında oturan oğullarımıza da kömək etsinlər. Biz istəyirik müharibə ilə bağlı fəaliyyət göstərən QHT-lərin toplantısını keçirməyi planlaşdırırıq. İstəyirik ki, konkret təkliflər paketi hazırlayaq və ən vacib məsələləri, xüsusilə də bu insanların sağlamlıq sığortası ilə təmin olunması problemini qaldıraq, nazirliyə rəsmi müraciət edək. Bizi ən çox narahat edən müharibə iştirakçılarının sağlıq durumudur. Çünki onların müalicəsi üçün böyük vəsait tələb olunur...

Elşad PAŞASOY
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Kimdir Anar? - MÜSAHİBƏ
18.01.2017
Azərbaycan Ordusunun Mixaylosu — Qarabağ və Əfqanıstan müharibəsinin veteranı danışır
16.01.2017
Etimad Əsədov: “Ermənistanla yalnız silahla danışmaq lazımdır”
23.12.2016
Sabir Rüstəmxanlı - Xalq sabitlik istəyir. Qarşıdurma istəmir. Amma...
19.12.2016
Bayram Səfərov: “Erməni icmasını Azərbaycanda qarşılamağa hazırıq” — MÜSAHİBƏ