Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5110

Digər sorğular

Bir də o QAR yağacaqmı?

11:39  |    01 Mart 2016  |   E-mail  |  Çapa göndər

Uşaqlıqda qışın gəlməsini çox istərdim. Qar yağanda sevincimin həddi-hüdudu olmazdı. O qış heç vaxt yadımdan çıxmaz. Axşamdan yağan qar yolu-irizi örtmüşdü. Hər tərəf ağappaq libasa bürünmüşdü.Təbiət sanki bir rəsm əsəri yaratmışdı. Evimizin böyründən axan arxda buzu sındırıb əl-üzümü yudum. Sonra da məktəbə yollandım. Sinifimizdəki kömür peçi gurhagur yanmış, böyür-başı da qıpqırmızı qızarmışdı. Uşaqlarla qərara gəldik ki, dərs qurtaran kimi gedib Rüstəm dayının evinin yaxınlığındakı təpələrdə sürüşəcəyik. Bir-birimizə qoşulub kəndimizin lap başındakı təpələrdə sürüşməyə başladıq.

Səriyyə MÜSLÜMQIZI | [email protected]

Qəhqəhələrimiz hər tərəfə yayılmışdı. Yaxınlıqda yaşayan Rüstəm dayı yoğun səslə ay bala, yıxılıb əzilərsiz - desə də onun sözünə baxmayıb daha hündür təpələrə qalxdıq. Birdən Ətrabənin ayağı büdrəyərək dərəyə yuvarlandı üstünə çoxlu qar töküldü. İsaq hamıdan cəld tərpənərək ona tərəf qaçdı. Ətrabəni qaldırdı. Ətrabə əməlli-başlı əzilmişdi yeriyə bilmirdi. İsaq onu kürəyinə alıb birlikdə onlara getdik. Darvazalarına çatanda qarşımıza Ətrabənin anası Qumru xala çıxdı. “Ay bala, bu nə haldı üst-başınız qarın-suyun içindədir. Qalxın evə sizi heç yana buraxan deyiləm” - dedi. Biz daş pillələri qalxıb evə daxil olduq. Əhməd dayı ağır xəstə olduğundan yorğan –döşəkdə yatırdı.

Qumru xala peçə odun doldurub “ yaxın gəlin, üst başınız qarın suyun içindədir” -dedi. Süfə açıb bizə pürrəngi çay verdi. Peçin istisi vurduqca bədənimiz qızışır paltarlarımız quruyurdu.

İllər ötdü, amma o günü heç vaxt yadımızdan çıxarmadıq. Yazda, yayda o təpələrə qalxıb həmin günü yadımıza salır, lalələrlə dolu olan çəmənlərə baxırdıq. Böyüdük, uşadlıq illərimiz arxada qaldı. Ailə qurduq, ev -eşik sahibi olduq. İsaqın, Ətrabənin uşaqları da qar yağanda o təpələrdə sürüşər, qar topu oynayardılar.

Qarabağ müharibəsi uşaqların da qayğısız uşaqlıq illərini əllərindən aldı. O gecə İsaq bilmirdi neyləsin. Uşaqlıqdan əlil olan bacısı Züleyxanımı aparsın, yoxsa ixtiyar, yaşlı anası Kübra xalanmı, yoxsa da 3 fidan balasını və həyat yoldaşınımı? Çox çətin bir seçim qarşısında qalmışdı. Vaxt az, qərar vermək çətin, çox çətin idi. İsaqın həyat yoldaşı Sədaqət, bacısı Saranın həyat yoldaşı və uşaqları ilə birlikdə getməyi, İsaq qorxudan ayaqları tutulan və qulaqları eşitməyən anası Kubra xalanı, atası Yunis dayı isə Züleyxanı aparmağı qərara aldılar.

Kətik meşəsi belə dəhşət görməmişdi. Saranın həyat yoldaşı Qaryağdı aylardır sarılıq xəstəliyinə tutularaq xəstə yatan qardaşı Tahiri kürəyinə şəllədi, əlinə də çomağını götürdü. Sara 5 bacısı, Sədaqətin isə 3 balası ilə Kətik meşəsinə üz tutdular. Şaxta, çovğun, qarlı meşə bu biçarələrin lap əhədini kəsirdi. Atışma zamanı onlar bir-birilərini itirdilər. Meşənin bir üzündə qalan Sara ilə Sədaqət balalarını aparmağa gücləri, taqətləri qalmamışdı. Uşaqlar soyuqdan donmuşdular. Sara onların dəstəsi ilə gələnlərdən kibrit alıb ocaq qalamaq istəsə də, camaat “gücünü topla, uşaqlarını götür get” - dedi. Sara bir xeyli getsə də, gecədən yol gəlmiş uşaqlar qarın üstünə uzanan kimi yuxuya getdilər. Qızı Şəhla isə yata bilmədi. Sədaqətin də balaları uzandıqları qarın üsündən qalxa bilmədilər. Sara yan-yana uzanıb yuxuya gedən balalarının və bacısı uşaqlarının yanındaca qaldı. Sədaqət isə bir-bir balalarını qaldırsa da, heç birini aparmağa gücü çatmır. Sara zorla başını qaldırıb qızı Şəhlaya deyir “xalana qoşul get, qoy qardaşın tək qalmasın”. Səhla xalası ilə Ağdama gəlib çatır. Qaryağdı isə qardaşını yaralı halda Ağdama çatırsa da, Tahiri həkimlər ölümün pəncəsindən xilas edə bilmirlər. İsaqla anası da ölümdən qurtula bilirlər. Yunis dayı girov düşür. Züleyxanı isə ermənilər vəhşicəsinə qətlə yetirirlər.Yunis dayını girovlarla birlikdə lapetə doldurub Noraguh kəndinə aparanda “qoyun qızımı həyətimdəcə basdırım. Ona toy etmək də mənə qismət olmayıb” – deyən Yunis dayı güllələrdən dəlik –deşik olmuş balasını onun çox sevdiyi armud ağacının altındaca tələm –tələsik silah altında dəfn edir.

Ətrabəyə güllə dəyərək ağır yaralanır, hələ də o yaradan əziyyət çəkir. Bacısı Məlahət isə ad günündə ömür yoldaşını və əlifbası yarımçıq qalmış qızı Nazını qulağındakı sırğaları ilə birlikdə torpağa tapşırır. Balasının qulağındakı qızıl sırğalarını açıb götürməyə cəsarəti çatmır. Fitat həyat yoldaşı Səlimi, qardaşları Vasiflə Rasifi, qardaşı oğlu Zahiri itirdi.

Daha Xocalıya qar yağmır. Təbiət də şirin yuxuya getmir. Daha Xocalıdakı o təpələrdə uşaqlar qar topu oynamır, sürüşmürlər. İndi o təpələrdə, o dərələrdə uşaq qəhqəhələri ərşə çəkilib. İlisu çayı da axmır, çəmənlərdə çiçəklər də açmır, Xocalı uşaqlarını gözləyir. O uşaqlar isə Xocalıya o qar yağanda dönəcək.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
20.02.2016 Xocalı uşağı....
09.05.2015 Salam, ay Şuşam!
26.01.2015 Mən şahidəm!