Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5562

Digər sorğular

Bizim kəndin dəliləri...

18:00  |    11 Mart 2015  |   E-mail  |  Çapa göndər
Rey Kərimoğlu | [email protected]

1993-cü ilin iyulu...Gün yadımdan çıxıb, heç lazım da deyil!

...Kəndimiz toz-dumana bürünmüşdü. Qulaq batıran tank, top, raket mərmilərinin, güllə səslərinin ardınca bu müdhiş xəbər yayıldı:

- Ermənilər gəlir!

Ordudan tərxis edilmişdim deyə silahsız idim...

Rayonda sınıqçı kimi tanınan Lazım müəllimdən və Rabildən başqa, demək olar ki, hamı kəndi tərk eləmişdi. Bəlkə ayrı qalan da vardı, amma gözədəyən yalnız onlar idi. Kəndin çıxacağında həmişə ruhi xəstə kimi yanaşdığımız, amma onun dəliliyinin ziyanını kənddə heç kəs yox, yalnız evdə-eşikdə ailəsi çəkən Abığı gördüm. Ruhi xəstə olan Abığın əsl adı Bakirdir. Hər kəndin dəlisi olur, amma mən “kəndimizin dəliləri” deyə bilmirəm. Ən pis halda kəndimizin “ruhi xəstələri” deyim. Əslində, kəndimizdə onlar 3 nəfər idi - Abıx-Bakir, Akqulu-Vahid və Caqulu-Fazil...

Abıx kənddə heç kəsi incitməzdi, bir Allah bəndəsinin qəlbinə də dəyməzdi. Əksinə, kəndimizin bütün xeyrində, şərində özünü qabağa verərdi. Hələ ölü sahibi özünə gəlməmiş Abıx artıq çayı hazırlayırdı...Toyda da eləcə, toy sahibindən çox sevinər, yas sahibindən çox kədərlərnərdi. Bir sözlə, kəndimizin hər işinə yarıyırdı o. Arada hamını təəccübləndirən müdrik sözləri də olurdu.

İndi bu ağır gündə də Abıx ən son ana qədər kəndimizdə qalmışdı. Onu qorumağa çalışırdı. Sağ əlində bir, sol qoltuğunda isə 3-4 ədəd qumbaraatan mərmisi Füzuli-Ağdam yolunun üstündəki “Ostnaovka” dediyimiz yerdə ağlaya-ağlaya, yüyürə-yüyürə üzü erməni mövqelərinə tərəf qaçıb sonra da geri qayıdırdı. Amma qumbaraatanı yox idi! O, rabitəsiz sözlər deyirdi: “Bu saat sizi çırpajam”, “Gəlməyin, sizi öldürərəm, gəlməyin!”, “Gəlməyin, mənim kəndimə, gəlməyin, bala!” Abığı belə ağlayan bircə dəfə görmüşdüm, o da 1990-cı ilin 20 yanvarında. O vaxt Abıx elə ağlayırdı, elə ağlayırdı sanki ən əziz adamını, yaxınını itirmişdi...

Qumbaraatansız, əlində 4-5 qumbaraatan mərmisi Abıx kəndimizi qorumaq üçün son cəhdlərini edirdi. Gözü dörd olmuşdu Abığın! Yan- yörəsində ona kömək edəcək, arxa duracaq heç kəs yox idi. Əlacsız, çarəsiz bir vəziyyətdə var-gəl edirdi. Ona yaxınlaşdım:

- Abıx, ora getmə orda erməni tankları dayanıb!

- Bəs nağaraq, qaqa? Axı erməni kəndimizə girir!

O, ağladı...Abığı bağrıma basıb mən də ona qoşuldum.

Əlindəki mərmiləri aldım, yavaş-yavaş üzü Ağdam tərəf qayıtdıq...

Həmin gün ermənilər bizim kəndə yox, Muğanlıya girdilər. Kim bilir, bəlkə də Abığı, onun əlindəki mərmiləri görüb düşünüblər ki, hələ kənddə döyüşçülər var. Bir neçə nəfərlə qayıdıb gecəni kənddə qaldıq.

1993-cü ilin iyulu...Gün yadımdan çıxıb, heç lazım da deyil!

P.S. Caqulu hələ kənddə dünyasını dəyişib, Abıxnan, Akqulu sağdı. Abıx Bərdədə, Akqulu isə Zaqataladadır.

lent.az
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
22.01.2018 Polkovnik Rəhim Əliyevin dəfnindən özəl reportaj – “Tale vətən taleyi, yazı vətən yazısı...”
09.03.2017 Müharibə fotoları
28.02.2016 14 tank vurub, amma utanır
15.05.2015 “Ya zdes umer. Kuqay”
08.05.2015 Şuşa