Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4821

Digər sorğular

Çempionun sükutu - “Qarabağsız şərəfli həyat yoxdu…”

19:56  |    26 Yanvar 2016  |   E-mail  |  Çapa göndər


Fariz Məmmədov çeşid-çeşid “ilk”lərə öz imzası ilə möhür vurub, idman döyüşlərinə yeni rəng, yeni nəfəs qatıb, qazandığı uğurlara şərik tanımayıb: O, Azərbaycanın ilk peşəkar boksçusudu; O, peşəkar boks üzrə ilk azərbaycanlı Avropa çempionudu; qitələrarası yarışın ilk qızıl kəmər sahibidi...

Bu sıraya əlavə ediləcək hələ çox ilklər var, hamısını yazmıram, çünki Fariz Məmmədovla görüşə tamam fərqli ovqatda - öz doğma obrazımda yollanmışdım. Söhbətimizi bu obrazın diqtəsi altında, yeni notlar üzərində kökləmək üçün daha dayanıqlı bir mövqeyi göz altına almaq çox vacib idi.

Fərqli müsahibin ilk tələbi fərqli yanaşmadı. Onu tanıtmaq üçün yalnız qazandığı uğurları sadalamaqla canını qurtara bilməzsən. O üzdən elə ilk məqamdaca müsahibimə hətta təbii qələbə eyforiyasının təhlükəli təsiri altında danışmağa macal vermirəm. Və onu gözləmədiyi halda illərin o tayında qalmış daha kövrək, daha doğma bir obrazla üz-üzə qoyuram:

- Sən mənim uzunmüddətli xidmətim dövründə tanıdığım ən gənc əsgərsən! Nə yaşına, nə də boy-buxununa uyuşan qeyri-adi ciddiliyinlə yaddaşımın atkeçməz qatlarında müqəddəs Qarabağ torpağını yaşadırsan! Bilirsən, Ağdam mənim uşaqlığımın şəhəridi! Ağdam mənim işğal olunmuş uşaqlığımdı, Fariz!..

- ...Hə. Onda beşinci sinifdə oxuyurdum. Məktəb çantamı evimizin bir küncünə atıb cəbhəyə yollandım. Döyüşçü fəlsəfəsinin mənasını bəlkə də axıradək başa düşmürdüm. Özümə də elə gəlirdi ki, çox böyük iş görmürəm. Əvvəl-əvvəl ailəmizdə də buna ciddi yanaşmadılar, elə bildilər ki, sadəcə başımı qatıram. Sonra görəndə ki, günlərlə evə gəlmirəm, vəziyyətin ciddiliyini hiss etməyə başladılar. Ancaq doğrudan da uşaq idim. Cəmi on iki yaşım vardı. Bu faktdı. Sadəcə könüllülərdən biri olmaq istəyirdim. Düzü, hərbi hissədə çox yaxşı qarşılandım. Hamı tərəfindən sevildim, qayğı ilə əhatə olundum. Könüllülərin talismanına çevrildim. Məni kiçik qardaş kimi əzizləyirdilər, qoruyurdular. Mən də onlara uğur gətirirdim. Bax o vaxtdan, on iki yaşımdan döyüşçü həyatı yaşayıram...

- On iki yaş. Əlbəttə, uşaq idin. Amma bu uşaq o vaxtkı əsgər şəkillərində yaşından çox-çox böyük görünür. Əynindəki əsgər libası, baxışlarındakı qəzəb, nifrət, qisas hissi hətta rəmzə çevriləcək qədər təbii, səmimi və güclüdü...

- (Gülür) Ətrafımdakılara idmançı xarakteri göstərmək istəyirdim yəqin. Yaxşı yadımdadı. Rəhmətlik Allahverdi Bağırov ermənilərlə görüşə məni də özü ilə aparmışdı. Girovlarımızı dəyişməyə. Əynimə zirehli gödəkçə geyindirdilər. Uşaq olduğuma görə gödəkçənin ətəyi dizimə qədər düşmüşdü. Rəhmətlik dedi ki, belə yaxşıdı, dizini də qoruyacaq. Özümə də balaca avtomat vermişdilər. Əsgəranda Vitalik Balasanyan adında məşhur bir erməni vardı. Rusdilli idi. Məni əsgərlərimizin yanında görəndə təəccübləndi. Amma ermənilərin hamısı əl uzadıb mənlə bir-bir görüşdü. Bu zaman onları necə nifrətlə, necə qəzəblə süzdüyümü də açıq-aydın hiss etdilər. Allahverdi Bağırovun sürücüsü rəhmətlik Əmir də məni çox istəyirdi, görüşdən sonra dedi ki, “Malış”, dərinə getmə, axı biz azərbaycanlıyıq. O vaxt bu sözlərin mənasını başa düşmürdüm. Ermənilərə qarşı qəzəbimi, nifrətimi boğmağa gücüm çatmırdı...

- Çünki bu qəzəbin, bu nifrətin kökləri çox dərində idi, Fariz. Üstəlik, amansız həyat da on iki yaşlı bir uşaq üçün o qəzəbi, o nifrəti hətta qısa zaman kəsimində boğmaqdan ötrü ip ucu verməmişdi...

- Düzdü. Oxuduğum məktəblə xəstəxananın barısı (Hasarı- İ.R.) bir idi. Tez-tez dərsdən qaçardım, barıdan atdanıb xəstəxanaya, palatalardakı yaralılara baxmağa gedərdim. Uşaq olsam da, qətlə yetirilmiş dinc insanlar, şəhidlərimiz, ev-eşiyindən didərgin düşən və erməni qəzəbinə tuş gələn qaçqınlar gözlərimin önündən çəkilmirdi. Bəlkə də hər şeyi axıradək anlamırdım, amma görürdüklərimin hamısını öz həyatım kimi yaşayırdım. Uşaq gözünü açanda oyun-oyuncaq, əyləncə-filan görər, qardaş, mənim də gördüklərim bu idi: bitib-tükənməyən insan əzabı, ölüm-itim. Mən Xocalı faciəsinin canlı şahidiyəm. Bu gördüklərim məni yaşıdlarımla futbol oynamağa, əylənməyə qoymurdı, əksinə, yaşıdlarımdan ayırırdı. Döyüşməyə, qisas almağa çağırırdı. Yəqin məni on iki yaşımda cəbhəyə gətirən, könüllülərin sırasına qatan da elə bu çağırış oldu...

- O çağırış bizə Azan səsi qədər müqəddəsdi, döğmadı. Yurd-yuvamızı yağmalamış düşmənə qarşı qəzəbimizin, nifrətimizin notu dəyişməyib. Qarabağ yaşam fəlsəfəmizin ana xəttidi. Biz döyüşçülər doğma torpaqlarımıza qayıtmaq ümidimizi itirəndə öləcəyik. Çünki bunu etiraf edəcək qədər səmimiyik. Gücümüz səmimiyyətdədi...

- Əlbəttə, insanı formalaşdıran, cəmiyyətə olduğu kimi tanıdan onun səmimiyyətidi. Şəxsən mən heç vaxt nə öz keçmişimdən utanmışam, nə də kiminsə xoşuna gəlmək üçün danışmışam. Ağdam yaralı yerimdi. Bu gün “ağdamlıyam” ifadəsini qürurla dilimə gətirə bilmirəm. Cəngavər kimi minlərlə oğulları olan bir torpaq yağı tapdağında, işğal altında inləməməlidi. Bu faktla barışmaq çətindi. Açığı, dünyanın böyük-böyük dövlətlərinin idman arenalarında, yarışlarda əzab çəkirəm, sıxılıram. Çünki Qarabağsız şərəfli həyat yoxdu. Amma bu yarışlarda özümü həmişə qarabağlı kimi təqdim etmişəm. Qəzəblə, hirsli-hirsli. Avropada bunu çox qabartmırlar, ruhi vəziyyətimizi başa düşürlər, əzablarımıza anlaşıqla yanaşırlar. Amma hansı dövrdə yaşadığımızı da bilməmiş deyilik. Sıxıntılarımız çoxdu. Bu həqiqətdi. O da danılmaz həqiqətdi ki, biz yalnız Ermənistanla döyüşmürük...

- Ən böyük döyüşümüz, cihadımız isə özümüzdən başlayır. İnsan ilk növbədə özü ilə tək qalmağı, təkbətək döyüşməyi, özünə qalib gəlməyi bacarmalıdı. Böyük qələbələrin yolu böyük əzablardan keçir...

- Yeddi illik məhbəs həyatım o əzabların əsl səhnəsinə çevrildi. Kamerada siqareti əlimə aldım. Çəkdim. İkincisini yandıranda isə dedim yox, Fariz, sən bu deyilsən! Siqareti atdım. Amma idmançı olduğuma görə yox! Ona görə ki, kiminsə sındığımı hiss etməsini istəmirdim. Hər şeyi axıradək xırdalamayacam. Amma bu sözlərimin arxasında, inanın, kitab-kitab açıqlamalar dayanır. Bundan sonra yenidən idmana dönmək, qələbə qazanmaq və o qələbələrlə yaşam haqqımı geri qaytarmaq istəyim həbsxanada ən böyük əzabıma çevrildi. Bir günüm də bu əzabsız yaşanmadı. Həbsdən sonra da çox sıxıntılar çəkdim. Azadlıqda özümü azad hiss etmədim. Hər şey mənə ögey gəlirdi. Harda olurdumsa, özümü ətrafdakılara yad sayırdım...

- Çünki sən öz yerində, öz mövqeyində deyildin, Fariz. Özün deyildin. Hələ özünə yol gəlirdin...

- Bu əzab artıq ən sədaqətli dostuma çevrilmişdi. Məni tək buraxmırdı, kölgəm kimi arxamca düşüb qarabaqara izləyirdi. Görünür, bu da Allahın bir qədəri imiş. Almaniyaya müayinə olunmağa getmişdim. Dostumdan xahiş etdim ki, məni idman zalına aparsın, əlcəkləri əlimə geyinmək, onların qoxusunu ciyərlərimə çəkmək yanğısı vardı canımda. Elə oradaca bir-iki döyüş keçirdim. Məşqçilərin diqqətini çəkdim. Maraqlanmağa başladılar və müqavilə təklif etdilər. Məmnuniyyətlə razılaşdım. Bilirsiz ki, peşəkar boks əsasən kommersiya xarakteri daşıyır. Amma mənim heç bir kommersiya marağım yox idi. Hər şey mənəvi sıxıntılarımla bağlı idi, hər şey...


- Yəqin elə ona görə kiminlə döyüşəcəyinin də fərqində deyildin...

- Əlbəttə. Əslində buna razılıq vermək normal məntiqə sığmırdı. Amma mən tərəddüd etmədən razılaşdım. Çünki bu döyüşü aylarla, illərlə, günbəgün, anbaan gözləmişdim. Beləliklə, may ayında yarış olacağı barədə məlumat aldım. Mötəbər yarış idi. Dörd rəqib göndərmişdilər. Biri də erməni. Səmimi danışacam. Mən onunla döyüşə erməni olduğuna görə getmədim. Onsuz da yeddi illik ayrılıqdan sonra öz fiziki hazırlığıma uyğun idmançı seçməli idim. Həm də burada söhbət qələbədən çox, yaxşı döyüş göstərməkdən gedirdi. Fiziki hazırlığım isə təqdim olunan dörd idmançının dördündən də qat-qat aşağı idi. Arada cəmi ay yarımlıq vaxt qalmışdı. Amma nə etiraz etmək, nə də vaxtı uzatmaq şansım vardı. Razılaşdım və erməni idmançını qismətimə düşən bir rəqib kimi qarşıladım. Doğrusu, bu addımı necə atdığımı indinin özündə də axıradək başa düşə bilmirəm. Buna necə getdim?

İstər-istəməz yenə o əzaba, o ağrılara qayıtmalı oluram. Yəni bundan da böyük sıxıntılarım vardı. Bu sıxıntılar o qədər ağır idi ki, qarşımdakı divar da olsaydı, yenə onu uçurardım. O ermənidən on nəfər də olsaydı, məni məğlub edə bilməzdi. Son yeddi ildə ürəyim büsbütün dolmuşdu. Sıxıntılarımı, əzablarımı, qəzəbimi o erməninin başında çatlatdım. Bir sözlə, bu qələbə Tanrının mənə ən ali mükafatı idi...

- Nədənsə mənə elə gəlir ki, sən bu döyüşə peşəkar idmançıdan çox, əsgər kimi girmişdin. Özü də on iki yaşlı əsgər kimi...

- Açığı, aylarla uzanan ağır məşqlərdən sonra peşəkar idmançıların ürəyində döyüşqabağı qəribə bir tərəddüd, qəribə bir qorxu hissi yaranır. O hiss səninlə mübarizə aparır. Ona qalib gəlmək çox vacibdi. Əgər qalib gələ bildinsə, deməli, çempionsan. Səmimi sözümdü, hələ yarış başlamamış, rinqə qalib kimi çıxmışdım. Əslində, geriyə də yol yox idi. İtirdiklərimi itirmişdim. Daha itirəcək nəyimsə qalmamışdı. Yarış sonrası jurnalistin sualı da təqribən bu məzmunda oldu: Belə bir döyüşə necə razılaşdınız? Cavab verdim ki, insanın itirməyə nəyisə olmayanda, o hər şeylə razılaşır...

- Fərqli fikirləşmək üçün kifayət qədər əsaslarım var. İstər idmançı ol, istərsə də əsgər, əgər öz arxanda xalqının, dövlətinin nəfəsini hiss etməsən, qalib gələ bilməzsən...

- Əlbəttə. Dövlətimdən də, xalqımdan da razıyam. Mənə həbsxana həyatı yaşadığımı hiss elətdirmədilər. On mindən çox insan tərəfindən inamla, etimadla qarşılandım. Ağdamın fəxri vətəndaşı adını verdilər. Bütün bunları görəndən sonra fikirləşdim ki, mən nə qədər adamı zərbə altında qoymuşam, nə qədər böyük risqə getmişəm. Bu yarışdı, boksdu, döyüşün taleyi çox vaxt bir zərbədən aslı olur. Bir zərbə hər şeyi həll edir. Yəni bir zərbə ilə hər şeyi itirə də bilərdim. Şükür Allaha ki, xalqımın qarşısına alnıaçıq, üzüağ çıxdım. Bu döyüşdən sonra yenidən doğuldum. Məqsədim də bu idi: hər şeyi geri qaytarmaq istəyirdim, hər şeyi...

- Bu istək bütün məhrumiyyətləri, bütün baryerləri uçurub dağıdacaq qədər güclü oldu və bir fərdin mənəvi-psixoloji əzablarından çox, haqqı tapdanmış bütöv bir xalqın mübarizə simvolu kimi qarşılandı. Arzusunda olduğumuz böyük qələbə simfoniyasının yeni məzmunda, yeni nəfəsdə möhtəşəm bir bəstəsinə çevrildi. Qaranlıqlar yarıldı...

- Doğrudur, mən çox qorxulu həyat yaşamışam. Bəzən hətta geriyə baxmağa cürətim çatmır. Ancaq öz keçmişimdən boyun qaçırmıram. Çünki günahkar özüməm. Bütün bunlar olmalı idi. O üzdən hər gələn günü, hər açılan sabahı qaranlıq keçmişimin aynası kimi yaşamağa çalışıram. Qazanılmış sabahım itirilmiş keçmişimin yeganə təsəllisidi. Düzdü, ayaq üstə qaldığıma görə minnətdar olduğum çox adamlar var. Ancaq həyatımın ilk qəhrəmanı atamdı. İnsanlığı, xeyirxahlığı, vətənə, dövlətə sədaqəti ilk dəfə ondan öyrənmişəm. Kişilik, mərdlik, düzgünlük, həm də Allah vergisidi, məncə. Hər dəfə yarışa qatılarkən bu hissləri yenidən yaşayıram və inanıram ki, vaxtı çatanda Azərbaycan xalqı da illərlə ürəyində yığılıb qalmış ağrı-acısını, qəzəb və nifrətini beləcə ermənilərin başında bomba kimi partladacaq...

Susuruq. Rejissor dostumuz Nicat Cəlilov sükutumuzun şəklini çəkir. Bu adi sükut deyil. Bu danışan sükutdu. O bizə bir insanın həyat yolu ilə həyat idealları arasındakı bağlılıqdan, qələbəyə aparan əzablı yollardan danışır. Gözlərimizin önündə on iki yaşında silaha sarılıb öz düşməninə qarşı döyüşən və yalnız iyirmi dörd ildən sonra arzusuna çatan bir yeniyetmənin obrazını canlandırır. Bu Fariz Məmmədovun obrazıdı. Bu Fariz Məmmədovun yeddi illik sükutudu: düşünən, danışan və döyüşən sükutu...

İbrahim Rüstəmli
“Qafqazinfo”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Kosta-Rikanın müvəqqəti işlər vəkili: “Bakıda özümü evdəki kimi hiss edirəm“
14.08.2017
Alim Qasımov: “Yaş üstünı yaş gəldikcə özümə deyirəm ki, ağıllı ol” – MÜSAHİBƏ
11.08.2017
50 yaşlı Elçin Mirzəbəyli: “Min cavana dəyərəm” – MÜSAHİBƏ
09.08.2017
Vitse-admiral: “Türkiyə axıra qədər Azərbaycanın arxasında dayanacaq“
07.08.2017
Cahangir Novruzov: “Xahiş ediblər ki, çox sərt danışmayım”