Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4466

Digər sorğular

20 Yanvar Cəmiyyətinin sədri Nazirlər Kabinetini sərt tənqid etdi

13:08  |    15 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

“Bütün bunlar Nazirlər Kabinetinin iş qabiliyyətsizliyinin nəticəsidir”

Qarşıdan 1990-cı il 20 Yanvar hadisələrinin 26-cı ildönümü gəlir. Həmin vaxt rus sovet qoşunları Azərbaycana yeridilməsi nəticəsində 143 nəfər şəhid oldu, 317 nəfər əlil oldu, 4 nəfər isə itkin düşdü.

QAZİLER.AZ-ın əməkdaşının həmsöhbəti 20 Yanvar Cəmiyyətinin sədri, II qrup 20 yanvar əlili Əzimzadə Sultan Xudu oğludur.

Qısa tanıtım:

Əzimzadə Sultan - 1962-ci ildə Naxçıvan Respublikasının Şərur rayonunda anadan olub. Bakıda ali təhsil alıb - indiki Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Daha sonra ali təhsilini davam etdirməklə bərabər, əvvəlki “İskra”, indiki “Alov” zavodunda tornaçı işləyib. “İskra” zavodu hərbi zavod olduğu üçün raket hissələrinin buraxılışı ilə məşğul olurmuş. Daha sonra raket hissələri Rusiyanın Rostov şəhərində yığılırmış.

Sultan Əzimzadə 20 Yanvar hadisələrini belə xatırlayır:


-1990-cı il hadisələri hamıya məlum olduğu üçün onun üzərində geniş dayanmaq istəmirəm. Yanvarın 15-də işlədiyim zavodda rus sovet ordusunun Bakıya gəlişinə etiraz olaraq tətil etmişdik. Zavodun ümumi yığıncağı oldu. Mən Kommunist Partiyasının Büro üzvü idim. Elə iclasda kommunist partiyasının üzvlüyündən imtina etdim. Mənimlə bərabər başqa 3 nəfər də partiya biletini atdılar. Xəbər gəlmişdi ki, rus ordusu Bakıya hücum edəcək. Tanklar Biləcəridə dayanmışdı. Bizim işlədiyimiz zavod da Biləcəri yolunun üstündə idi. Biz onların yolu üzərində müxtəlif texnikalardan istifadə edərək yalın əllə barrikada qurmuşduq ki, silahlı ordu şəhərə girməsin. Amma bütün səylərimizə baxmayaraq, təəssüf ki, rus sovet ordusu Bakıda, Nefçalada, Cəlilabadda, Lənkəranda qırğınlar törətdi, dinc əhalini qanına qəltan etdi.

Keçindim, “morqa” apardılar...

- Sultan müəllim, necə oldu yaralandınız?

- Yanvarın 19-da saat 12-nin yarısı radələrində “Salyansk” kazarma tərəfdən bir tank gəldi. Tankın üstündəki əsgərlər avtomat və pulemyotlardan adamların başı üzərindən atəş açmağa başladı. Orda yaxınlıqda olan binaların balkonları hamısı güllə-baran edildi. Hələ axşamdan Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. Camaat tankın üzərinə yeridi ki, əsgərləri ordan düşürsünlər ki, camaata atəş açılmasın. Hətta tankın üzərinə çıxanlar da oldu. Lakin onlar tankın üzünü çevirib getdilər. Artıq “Salyansk” kazarma tərəfdən işıqsaçan güllələrdən havaya atəş açılırdı. Hamı deyirdi ki, boş güllələrdir. Amma mən hərbi piyada qoşununda xidmət etdiyim üçün bilirdim ki, onların atəş açdığı güllələr boş deyil, həqiqi güllələrdir. Saat 12 tamamda birinci qoşun Tbilisi prospektindən hərəkətə geçdi. Biz Suvorov küçəsi ilə irəlilədik. İndi orada yanacaqdoldurma məntəqəsi tikilib. Bir nəfər polkovnik bizə dağılmaq əmri verdi. Biz dağılmaq fikrində deyildik deyə, yerə oturduq. Biz tərəfə tüstü “şaşkaları” atdılar. Biz boğulmağa başladıq. Nəfəs almaq üçün ayağa qalxanda bizə atəş açdılar. Barrikadamızı dağıtdılar. Orada xeyli adam yaralandı, xeyli adam öldü. Mənə sonradan dediklərinə görə, saat 1-ə qalmış mənə güllə dəyib. Sağdan, soldan, ayağımın altından işıqsaçan güllələr uçurdu. Bizdən 15 metr aralıda binalar var idi. Biz binalara tərəf qaçıb bloklara girdik. Əsgərlər də bizə güllə ata - ata arxamızca gəlirdilər. Onlar gedəndən sonra gözlərim qaralıb diz üstə çökmüşəm. Yanımdakı adamlar mənə kömək edib 1-ci mərtəbəyə qaldırdılar. Oradakı mənzillərdən birinin qapısını döyüb içəri girdik. Orada gördülər ki, ağır yaralanmışam. Sonra bir “Jiquli” markalı maşınla məni xəstəxanaya apardılar. Həmin maşınla artıq bir neçə yaralını aparmışdılar deyə, maşın da güllə - baran edilmişdi. Bizim zavoddan iş yoldaşlarım da vardı yanımızda. Maşının qabaq şüşəsi yox idi. Başqa bir nəfər - Mahir Xudaquliyev adlı şəxsi də yaralını və məni Alatavadan keçirərək Topçubaşov adına Eksperimental Xəstəxanaya gətirdilər. Yeriyə bilmirdim. Əməliyyat stoluna gedənə qədər huşum başımda olub. Sonradan huşumu itirmişəm. Bədənimdəki güllənin birini tapıb çıxarıblar. Digər güllə isə hələ də bədənimdədir. Əməliyyatı edən həkimin dediyinə görə, vəziyyətimin ağır olduğunu görüb əməliyyatı dayandırıblar ki, ikinci gülləni sonra çıxararıq. Son tikişləri viranda keçinmişəm. Həkimə deyiblər ki, bu keçindi, başqa xəstəyə bax. Həkim də deyib ki, qoy yara açıq qalmasın axıra qədər tikib. Sonra məni aparıblar “morqa”. Mənimlə bərabər gedən iş yoldaşım Səməd görüb xəbər çıxmadı. Soruşub ki, haradayam. Deyiblər ki, keçindi apardıq “morqa”. Bu vaxt başqa bir yaralı da şəhid olub. Onu “morqa” gətirən zaman görüblər ki, mən sağam. Nəfəs alıram. Məni oradan çıxarıblar. Reanimasiyaya gətiriblər. Yanvarın 22-də ayıldım. Hər tərəf güllə-baran idi. Xəstəxananın şüşələri də güllələnmişdi. Şəhərdə qırğın olduğunu onda bildim. Təsəvvür edin ki, tanklarda və BMP-lərdə xüsusi qurğular var, həmin qurğulardan vahiməli səslər buraxırdılar ki, bəzi insanlar o səslərdən infarkt olub öldülər. Təbii ki, vətən uğrunda ölmək şərəfli ölümdür. Allah mənə elə şərəfli ölüm versin...

20 yanvar əlillərinin statusu yoxdur...

- Sultan müəllim, bəs 20 Yanvar Cəmiyyətini nə vaxt yaratdınız? İdeya kimin idi?

- Elə 20 Yanvar Cəmiyyətini 1990-cı ildə may ayında yaratdıq. İdeya olaraq elə 20 Yanvar əlillərinin özlərinin ideyası idi. Əvvəl cəmiyyətin sədri başqa adam idi. Təşkilatın fəaliyyət istiqaməti həmin hadisələr zamanı əlil və şəhid olanların ailələrinə maddi və mənəvi yardımlar etmək idi. Onların aralarında ağır vəziyyətdə olan insanlar var idi. Siyahıları tərtib elədik. Dövlət idarələrinə məlumat verdik. Dövlət müəssisələri şəhid ailələri və əlillərə yardımlar göstərirdilər. Çox təəssüf olsun ki, bu gün də o şəhid ailələrinin və əlillərin içində ağır vəziyyətdə yaşayanlar var.

- Sultan müəllim, 20 Yanvar əlillərinə status verilibmi?

- 20 Yanvar əlillərinin statusu yoxdur. Prezidentin fərmanı ilə 20 Yanvarda şəhid olan insanlar Azərbaycan Respublikasının müstəqilliyi, azadlığı və konstitusiya quruluşu uğrunda şəhid olmuş şəxslər hesab olunurlar. Mərhum Heydər Əliyevin fərmanı ilə 20 Yanvar hadisələrində şəhid olmuş insanlara 20 Yanvar şəhidi fəxri adı verilib. Sonradan hörmətli prezidentimiz İlham Əliyevin fərmanı ilə o şəxslər üçün prezident təqaüdü təsis edilib. Onların ailələri prezident təqaüdü alır. Amma yaralı yerimiz budur ki, bu gün 20 Yanvar əlillərinin statusu yoxdur. Dəfələrlə Nazirlər Kabinetinə və digər orqanlara müraciət etsək də, bu barədə heç bir tədbir görülmür. Son 10 ildə, ümumiyyətlə, heç bir məktubumuza cavab almamışıq. Heç bir nəticə də yoxdur. 20 Yanvar hadisələri zaman yaralanan qardaşlardan birinə Məmmədov Məmməd şəhid olduğu üçün ona şəhidlik statusu verilib, amma Məmmədov Sabir yaralandığı üçün heç bir statusu yoxdur. Məmmədov Fərman Larisa Məmmədovanın atası, o da yaralanıb. 2-ci qrup əlildir, heç bir statusu yoxdur. Amma onun 13 yaşlı qızı Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş şəxs hesab olunur. Mən şəxsən özüm 15-ə yaxın millət vəkili ilə görüşüb qəbul olunan qanunları göstərəndə məndən soruşurlar ki, necə olub biz belə qanun qəbul etmişik? Biz çalışarıq ki, kömək edək, düzəldək, - deyə vəd versələr də, Milli Məclisdə bu məsələni bir neçə millət vəkilindən - Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Fəzail Ağamalı və Asim Mollazadə - başqa bu məsələni heç kim qaldırmayıb. Bu millət vəkilləri bu məsələni qaldırsalar da, biz müraciətlər etsək də, heç bir nəticə yoxdur.

2009-cu ildə Azərbaycan torpaqları uğrunda əlil olan şəxslər üçün prezident təqaüdü təsis olundu, lakin 20 Yanvar əlillərinə fərman tətbiq edilmədi. Bizim uzun yazışmalardan sonra, iki ildən sonra 20 Yanvar əlillərinə də prezident təqaüdü verildi. Qəribədir ki, necə olur ki, bu iki il sonra verilir, halbuki elə əvvəldən verilə bilərdi. Hər dəfə qanunlarda dəyişiklik olanda, 20 Yanvar əlilləri uzun yazışmalardan sonra nəticə əldə edir. Bizim kifayət qədər müraciətlərimiz olsa da, səsimiz ölkə başçısına çatmır. Təsəvvür edin ki, Qarabağ əlili və yaxud da 20 yanvar əlili vəfat etdikdən sonra onun övladının mənzillə təminatı məsələsini ilk dəfə olaraq 20 yanvar cəmiyyəti qaldırır. Birinci dəfə bu barədə söhbət edəndə təsadüfən Qənirə Paşayeva gəlib və məsələni Milli Məclisdə qaldırıb. 3-4 il yazışmalardan sonra bu məsələ həll olunub. Amma təəssüflər olsun ki, yenə də 20 Yanvar əlilləri kənarda qaldı. Bu gün 20 Yanvar əlillərinin içərisində elələri var ki, 18-19 il zirzəmidə yaşayıb. Əlil dünyasını dəyişib yenə həmin mənzildə yaşayır. Həmin əlilin əziyyətini çəkən onun həyat yoldaşı, ya övladı yenə də həmin zirzəmidə yaşamalıdrmı? Bu məsələ ilə bağlı Hadı Rəcəbli ilə görüşüb təkliflərimizi vermişik. Bildirmişik ki, 20 Yanvar hadisələri zamanı əlil olan şəxs dünyasını dəyişdikdən sonra onun mənzil növbəsi ailəsinə verilsin. Amma məsələ elə belə də qalıb. Nazirlər Kabinetinə də bu məsələ ilə bağlı müraciət etsək də, hələ də heç bir cavab ala bilməmişik. Hətta bizə deyiblər ki, siz kimsiniz ki, sizə cavab verək. 20 Yanvar azadlıq mübarizəsinin pik həddi idi. Mərhum prezident Heydər Əliyev 20 Yanvar şəhidlərini azadlıq mücadiləsinin ilk qaranquşları hesab edirdi. 20 Yanvar hadisələrini törədən Qorbaçov, Bakatin, Yazov və digərləri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Lakin onlar nə dindirilib, nə də həbs olunub.

- İtkin düşənlərin ailələrində vəziyyət necədir?

- 90-cı il hadisələri zamanı 2000-dən çox insan həbs olunmuşdu. Birinci siyahıda Səhər qəzetində dərc olunanda onların adları da itkin şəxs kimi var idi. Lakin sonradan məlum oldu ki, onlar həbsdədirlər. Ona görə də siyahı sonda dəqiqləşəndə bilindi ki, 4 nəfər itkin olub. Elə 20 Yanvar əlilləri var ki, heç əlillik statusu almayıb, istəmir. Amma 20 Yanvar hadisələrində iştirak etməyən bəzi insanlar isə nə yollasa əlillik statusu ala bilib. Biz bütün 20 Yanvar şəhid ailələri və əlil olmuş şəxslərlə görüşüb əlaqə saxlayırıq. Bayramlarda tədbirlər keçirib öz şəxsi vəsaitimiz hesabına maddi yardımlar göstəririk. Əlil və şəhid ailələrinin problemlərinə müəyyən köməklik göstəririk. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 20 Yanvar əlillərinin övladlarının təhsil haqı problemi öz həllini tapıb.

Mənzil və avtomobillərlə təminat yaxşıdır...

- Sultan müəllim, 143 nəfər şəhid ailəsindən və 317 əlilindən neçə nəfəri mənzillə təmin olunub?

- 20 Yanvar əlillərinə də Qarabağ Qaziləri ilə bərabər avtomobillər verilib. Son 10 il ərzində 100-dən çox 20 yanvar əlili avtomobillə təmin olunub. 20 Yanvar şəhid ailələrindən böyük əksəriyyəti hələ 90-cı illərdə mənzillə təmin olunub. Amma bəzi ailələr əvvəlki illərdə müraciət etməyib. İstəməyiblər. Lakin uşaqlar böyüdükcə, mənzilə tələbat yaranıb, sonradan mənzil növbəsinə durub. İndiyə qədər demək olar ki, bütün 20 Yanvar şəhid ailələrinə mənzillər verilib. 20 Yanvar əlillərindən 75-80 nəfər mənzillə təmin edilib. Bir o qədər də mənzil növbəsindədir. İstəyərdim ki, xüsusilə bunu qeyd edəsiniz ki, mənzil növbəsinə götürülmək məsələsindən həm 20 Yanvar, həm də Qarabağ əlilləri əziyyət çəkirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 2009-cu ildə dəyişdirilib. Lakin 6 il keçməsinə baxmayaraq, müvafiq icra strukturlarına təlimat göndərilməyib. Nazirlər Kabinetinə konkret olaraq tapşırılıb ki, 3 ay müddətində bu təlimat hazırlansın və göndərilsin. Lakin 6 il keçib üstündən heç bir iş görülməyib. İndi bu məsələ qalıb hansısa icra başçısının şəxsi münasibətinə. 20 Yanvar şəhid ailəsini və Qarabağ əlilini istəsə mənzil növbəsinə götürür, köhnə qanunlara əsasən, istəməsə götürmür. Bəzi rayonlar var ki, orada 6 ildir ki, heç bir Qarabağ və 20 Yanvar əlili mənzil növbəsində dayana bilməyib. Qanunda boşluq var deyə bax belə problem yaşayırıq. İcra başçısı yeni təlimat gözləyir, yeni təlimat da gəlmir. Amma yeni qanun qüvvəyə minməyibsə, köhnə qanunlarla növbəyə götürə bilərlər. Bax, bu anlaşılmazlıq yaradır. Bir çox icra hakimiyyətləri növbəyə götürür, bəziləri də var ki, götürmürlər. İstər 20 Yanvar olsun, istər Qarabağ olsun axı bu insanlar vətən, torpaq uğrunda şəhid, əlil olublar.

- Ən çox hansı icra hakimiyyətləri bu problemi yaradır?

- Bakının Nizami və Xətai rayonlarında 6 ildə heç bir nəfəri də növbəyə götürməyiblər. Nəsimi rayonunda kimi istəyirlər götürürlər, kimi istəmirlər yox. Bütün bunlar Nazirlər Kabinetinin iş qabiliyyətsizliyinin nəticəsidir. Reallıq budur ki, 6 ildə bir təlimatı hazırlayıb göndərə bilmirlər.

- Qarşıdan 20 Yanvar gəlir. Hansı tədbirlər nəzərdə tutmusunuz?

- Bizim maddi cəhətdən imkanımız yoxdur. Biz yalnız şəxsi əlaqələr, dostlarımızın köməyi hesabına tədbirlər keçiririk. 10-15 nəfərə geyim yardımı edəcəyik. Şəhid İlham və Fərizənin xalçası hazırlanıb. Onun təqdimatını keçirdik. Orta məktəblərdə tədbirlər keçirib, şagirdlərimizə vətənpərvərliyi aşılayır, hərbi hissələrdə görüşlər keçirir, qurban bayramlarında qurban kəsib paylayırıq. Bütün bunları şəxsi vəsaitimiz hesabına edirik. Təşkilat olaraq gücümüz çatan işi görürük. Əlillərin arasında hüquqşünaslarımız da var, lazım olanda bir sıra problemlərin həllində onların köməyindən faydalanırıq.



Sevda Əsgərova
QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.03.2017
Sevinc Fədai danışdı: Mövludun intiharının bilinməyənləri və son saatları
07.03.2017
“Samir Şərifov ya ermənidir, ya da erməniyə işləyir“-Rey Kərimoğlu
02.03.2017
Arif Rəhimzadə: “Azərbaycanlılar türk deyil...”
01.03.2017
“Başqalarının yanında heç vaxt ağlamıram” - Mehriban Əliyeva
23.02.2017
“Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi“ Məşvərət Şurasına böyük maraq göstərilməsinə çox şadam”