Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4303

Digər sorğular

Bədəninin 20 faizini itirmiş Qarabağ qazisi

00:03  |    14 Dekabr 2015  |   E-mail  |  Çapa göndər
Səhər Əhməd |

O, kəsilmiş sağ budunu nimdaş taksinin açıq qapısına dirəyib, sol ayağının üstündə dayanmışdı. Arabir xırıltılı səslə həvəssiz-həvəssiz təkrarlayırdı: “Xırdalana bir manat!”

Ayağını Qarabağ döyüşündə itirmiş bu sürücünün taksisinə bir dəfə oturmuşdum. Sükan arxasında olanda, kəsik, həm də protezsiz ayağı gözə dəyməyəndə normal görünürdü. İndi isə mənzərə kədərliydi.

Ətrafdakılar-biz hamımız torpaqlarımızın iyirmi faizini itirmişdik. O, isə bizdən fərqli olaraq həm də öz bədəninin iyirmi faizini itirmişdi. Onun itkisi-budundan yerə qədər olan hissə hansısa uzaqdakı torpaqlara rəğmən daha konkret idi. Bu yoxluq daha çox göz qabağındaydı və onu unutmaq olmazdı.

Biz torpaqlarımızın bir hissəsini itirdiyimizə görə bir-birimizə acımırdıq. Ona isə acıyaraq baxırdıq.

Düşünürdüm ki, bütöv bir xalqın qələbəsi bir insanın bədbəxt görüntüsünə dəyməz. Heç bir müharibənin itirilmiş hansısa insan əzasının qarşısında açıqlaması yoxdu.

O, öz ayağını hansı vəziyyətdə itirmişdi, hansı cəsarət, hansı rəşadətə qurban vermişdi, bu, onun budundan aşağıdakı boşluqda yazılmamışdı. İndi o, insanların nəzərini cəsarətiylə yox, şikəst ayağıyla cəlb edirdi. Səbəblər çox zaman unudulur, nəticələr isə heç zaman. Ona görə də səbəblər nəticələrə uduzmağa məhkumdur.

O, ayağını hansısa yüksəkliyin, dağın, dərənin, hansısa bir qarış torpağın müdafiəsində itirəndə ağlına da gəlməzdi ki, nə vaxtsa “İyirmi yanvar” metrosundan Xırdalana qədər olan bir “vətən”lə kifayətlənəcək. Bilsə döyüş yolunu keçərdimi, keçsə, sağ qalmaq istəyərdimi, təəssüf ki, bunu dəqiqləşdirmək üçün bizə həyatı ikinci dəfə yaşamaq şansı verilmir.

Bəlkə Hitlerin dediyi kimi, gerçəkdən də “Allah yer üzünü xilas etmək istəmir”. İstəsəydi, bütün xırda müharibələri bir müharibəyə məğlub edərdi. O zaman itirilən yuvalar, ailələr, yaşama səbəbləri, ömürlər olmazdı. Torpaqların xalqlar arasında bölüşməsindən Allah bilir, nə qədər sonra salamat ayağı üstdə dayanıb yaralı ayağıyla maşınının qapısını açıq saxlayan o taksi sürücüsü elə kədərli səslə “Xırdalana bir manat” –deyə təkrarlamazdı.

lent.az
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları