Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4966

Digər sorğular

“Karlar” “korlar” ittifaqının növbəti toplantısı...

13:29  |    14 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Etimad Əsədov G20-lərin Antalyada bir araya gəlməsindən yazdı – Olduqca sərt

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov sabah Türkiyədə G20-lərin toplaşması ilə bağlı olduqca sərt və tənqidi məqalə ilə çıxış edib. QAZİLER.AZ saytı həmin yazını oxuculara təqdim edir.

Etimad Əsədov | [email protected]

G20-lər toplanır...Bu dəfə Türkiyədə. Niyə və nədən ötrü? Dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkə, başda Avropa Birliyi olmaqla, hansı problemlə üz-üzədir ki, bir masa arxasına toplanırlar? Hansı müşkülü həll etmək istəyirlər. Bu ölkələrin aclıq problemi yoxdur, qaçqınlıq problemi yoxdur, əhalisi dərbədər düşməyib, dənizlərdə qərq olmuş cansız bədənlərini dalğaların sahilə vurub atdığı körpələr onların uşaqları deyil, yad ölkələrin sərhədlərində soyuğun, yağışın, palçığın içində, həm də ac-yalavac qalan da onların əhalisi deyil. Dünya ölkələrinin durub laqeydcəsinə izlədiyi bu dəhşətli mənzərə, 21-ci əsrdə bu xalqlara yaşadılan “Böyük köç”ün gətirdiyi faciələrin baiskarları məhz həmin G20-də təmsil olunan bir neçə ölkənin yürütdüyü işğalçı, müstəmləkəçi siyasətdir. Bunu anlamaq üçün G20-nin tərkibinə baxmaq yetərlidir. G20-dəki dövlətlərin bir çoxu əvvəlcə “demokratiya”, sonra isə “anti-terror” adı altında müsəlman dövlətlərini işğal edənlərdir. Bu gün əksər müsəlman dövlətləri əsil qan çanağıdır. Bütün Yaxın və Orta Şərq qan içindədir. G20-yə super-güc olaraq qatılacaq məhz həmin bu dövlətlər ucbatından.

“Sakit, stabil, hətta iqtisadi yüksəlişi olan ölkələri də xarabalığa çevirdilər”

Qana həris olan bu dövlətlər qanı durdura bilərmi? Necə durdura bilər ki, o qanı axıdan elə özləridir və bu da onlara böyük çıxarları üçün lazımdır?.. Sakit, stabil, hətta iqtisadi yüksəlişi olan ölkələri də xarabalığa çevirdilər. Əfqanıstan, İraq, Tunis, Liviya, Misir, Suriya, Yəmən…ABŞ Əfqanıstandan başlayaraq bu ölkələrin başına demokratiya bombaları yağdırdı. Sonra da təpədən-dırnağa silahlanmış ordusunu bu torpaqlara yeritdi. Bu ölkələrin hər birində bu gün insanlıq faciəsi yaşanır. Doğma torpaqlarından məhz bu “super-güc”lər ucbatından didərgin düşənlərlə qəddarcasına davranılır. Burada “heyvancasına” ifadəsinin işlətmək olmur, çünki heyvanlarına ali dərəcədə şəfqətlə yanaşırlar. İt-pişiklərinə otellər tikdirirlər, miraslarını heyvanlarına vəsiyyət edirlər ki, özləri öləndən sonra heyvanları korluq çəkməsin. Köçgünlük həyatına məhkum etdikləri müsəlmanlarasa, heç itlərə atılmayan qaydada, bir parça çörəyi tolazlayırlar. Müsəlman əhalinin onların nəzərində heyvan qədər də dəyəri yoxdur. Ölkələri viran qoyub, xalqlarını miskin duruma salanlar, qaçqın selini durdurmağın yolunu axtarırlar. “Ölkəmizə buraxmayacağıq” deyərək sərhədlərinə tikanlı məftillər çəkir və polis dəyənəyi ilə döydürürlər. Bax budur haqq və özgürlükdən dəm vuran avropalıların insana verdiyi dəyər. Uydurma “Ərəb baharı”ndan sonra məlum oldu ki, prezidentləri devrilmiş ərəb ölkələrində çevrilişlərdən öncə əhali normal, hətta yüksək həyat tərzi keçirirmiş. Amma qondarma demokratiya, insan haqlarını ortaya atıb ölkələri viranəyə çevirdiniz. Sizə bu torpaqlara kim çağırmışdı, kim dəvət etmişdi? Nə işiniz vardı bu torpaqlarda? Nöyüt iyinə gəldiniz, kütləvi qırğınlar törətdiniz. Hər ölkəyə saldıranda bir əsassız ittiham uydurdunuz.

“BMT nədir ki? ABŞ-ın köləsi!”

“Səddam Hüseyn kiməyəvi qırğın silahı istehsal edir” dediniz, İraqa soxuldunuz. Həm də BMT-nin heç bir qətnaməsi, qərarı, icazəsi olmadan. BMT nədir ki? ABŞ-ın köləsi! BMT-nin qəbul etdiyi hansı qətnamə indiyədək yerini tapıb? 1959-cu ildən üzü bəri İsrail-Fələstin müharibəsində BMT-də İsrailə qarşı müzakirəyə çıxarılan bütün sanksiyalara hər dəfə məhz ABŞ veto qoyub. Özünün «müstəsna hüququndan» yararlanaraq.

Sual olunur: niyə ABŞ Fələstinin haqq davasını tanımaq istəmir? Müsəlmandırlar ona görəmi?! Fələstinli körpələrin üzünə silah dirənməsinə, İsrail əsgərlərinin hətta xəstəxanadakı xəstələri də göz altına almasına, günahsız insanları qətl etməsinə ABŞ bir dəfə olsun, sərt reaksiya verməyib. İsraili insan haqlarını tanımağa çağırmayıb.

Harada müsəlman varsa, orada demokratiyanın olub - olmaması Amerikanın vecinə belə deyil. Sözdə, bəli, “demokratiya” tələbləri irəli sürürlər. Ancaq əmələ gələndə kim ki, onlarla uzlaşır, diktator da dönüb olur “demokrat”. Səudiyyə Ərəbistanı buna sübut. Bu ölkədə faktiki totalitar, sülalə rejimi hökm sürür. Qadınlara hətta avtomobil idarə etməyə də yasaq qoyulub. Ölkənin yeni seçilmiş kralı isə əlinə mikrob sirayət edər deyə, kartondan bütünü düzəldib, məmurlarını arxasında “gizlədir”, “əlini” kartonun deşiyindən çölə çıxardır, karton bütlərin qarşısından keçənlər də bu yalançı əlləri sıxıb krala beyətlərini bildirirlər. Əcəba, vəhhabi ölkəsi bütpərəstliyəmi dönür yoxsa?! Başqa dövlətlərdən demokratiya tələb edən Barak Obama ibn-Hüseyn bunu görmürmü? Niyə Səud hökumətindən demokratiya, insan haqları tələb etmir? Cavab çox sadədir. Səud hökuməti ABŞ-ın əlaltısıdır. Sözə baxmayan müsəlmanlara qarşı məhz onu qısqırdır. Yəməndə olduğu kimi. Yəməndə mövcud hökumətə qarşı etiraz edən husilər “üsyançı, qiyamçı” hesab olunur, koalisiya təşkil edilib başlarına bomba yağdırılır, xəstəxanalar bombalanır, dinc əhali məhv edilir, amma Suriyada hökumətə qarşı çıxanlar “ilımlı müxaliflər” adlandırılır və onlara silah-sursat yardımı ilə dəstək verilir. Putinin dostu Bəşər Əsədi yıxa bilsinlər deyə. Budur, ABŞ və Qərbin iyrənc siyasəti.

Bu iyrənc, qəddar siyasətin qurbanları isə günahsız insanlar, bir vaxtlar evində rahat yaşayan, bir parça çörəyini könül xoşluğu ilə yeyən əhalidir. Hansı ki, diyarbədiyar düşüb, aclıq, səfalət, xəstəliklərlə baş-başadırlar. Suriya əhalisi, çoxu da körpələr susuzluqdan vəba xəstəliyinə tutulub. 21-ci əsrdə.



Bu insanların qanı ABŞ-ın, Türkiyəyə səfərə hazırlaşan Qərb dövlətləri başçılarının boynundadır. Milyonlarla insanı fəlakətə, aclığa, səfalətə düçar edənlər indi gəlib kimi, nəyi müzakirə edəcəklər? Gör işin harasıdır, qardaş dediyimiz Türkiyə də, nəinki əli, bütün vücudları günahsız insan qanının içində itib-batan avropalıları yüksək səviyyədə “ağırlamaq” üçün dəridən-qabıqdan çıxır. Qonaqları üçün məxsusi olaraq Siirtin məşhur battaniyəsini hördürür ki, isti örtük altında müsəlmanları necə qətl etməyin daha başqa-başqa yollarını yaxşıca düşünə bilsinlər. Sonra da mışıl-mışıl uyusunlar.

“Əfqanıstanda, İraqda, Suriyada qətlə yetirilən milyonlarla günahsız insanın qanını kimin boynuna qoyacaqlar?”

Oyanıb, yeyib-içib yapdıqları qırğınlardan danışsınlar. Bəs görəsən, Əfqanıstanda, İraqda, Suriyada qətlə yetirilən milyonlarla günahsız insanın qanını kimin boynuna qoyacaqlar? Burası məlumdur. Deyəcəklər, Bəşər Əsəd diktatordur, terroru dəstəkləyir. Və Bunu terrorun beşiyi başında duranlar deyəcək. Sübutu “İŞİD” kimi onlarla terror təşkilatı. Əfqanıstanda “əl-Qaidə”ni kim yaratdı? Kim Üsəma bin Ladeni ərsəyə gətirdi? Həmin bu ABŞ. Məlum oldu ki, Bin Laden ABŞ-ın özbəöz projesiymiş. İki dənə qüllə partladıldı, əvəzində milyonlarla müsəlman qırıldı və qırılmaqda da davam edir. Bu gün islamı təhdid edən, müsəlman dünyasına qənim kəsilmiş İŞİD də ABŞ dövlət siyasətinin yetirməsidir. Bir neçə il əvvəl İraq ərazisində yaranan İŞİD-i sonra Suriyaya transfer etdilər. Guya ki, mövcud siyasi hakimiyyətə müxalif qüvvə kimi dəstəklədilər. Türkiyə ərazisi İŞİD-çilər üçün əvvəlcə baza, ardınca da tranzit bölgə rolunu oynamağa başladı. Açıq-aşkar sərhədləri aşıb keçdilər, kimsə onları durdurmadı, hara getdikləri soruşulmadı. Amma elə ki, İŞİD Türkiyə üçün təhlükəyə çevrilməyə başladı, dünənədək açıq saxladıqları sərhədləri qapatmağa başladılar. Və indi də ölkə daxilində İŞİD-çi - vəhhabi ovuna çıxıblar. Vəhhabilərin vətəninin başı şəlpəli sahibi, budur, Antalyaya gəlir. İŞİD-in vəhhabi təriqəti üzvlərindən oluşduğunu və başlarında da əl-Səud ailəsinin durduğunu Tayyib abimiz məgər bilmirmi? Əlbət, bilir. Siyasi uzaqgörənliyi yaxşı mənada heyrət doğuran Ərdoğan haqda əksini düşünmək absurd olardı. Həqiqətən də qardaş bildiyimiz Türkiyənin hazırkı siyasi və iqtisadi uğurlarına sevinirik. Türkiyəmizin regionda söz və güc sahibi olmasından qürur duyuruq. Amma qüsura baxmayın, Ərdoğan hökumətinin səhvləri də az deyil. Türkiyənin də artıq yanında yer aldığı ABŞ və digər Avropa dövlətləri kimi “cift standart” siyasət yürütdüyünü görmək çox acıdır. Səudiyyənin eyiblərinə göz yummaq, Yəmən husilərinə antipatiya, Əsəd hakimiyyətinəsə kin bəsləmək? Bunun adını nə qoyaq? Sadəcə, məzhəb mərəzi! Aylan bəbəyin cansız bədənini əldə bayraq edib “ey, Avrupa!” bağıran Ərdoğan, “Avrupa” deyəndə görəsən kimi nəzərdə tutur? Sığınmaçıları “welcome” pankartlarıyla qarşılayan sadə avropalıları yox hər halda. Demək, Avropa dövlət başkanlarını. O dövlət başkanlarını ki, Antalyada qarşılamağa hazırlaşır. Aylan bəbəklərdən yanasızmı, yoxsa obamalardan, merkellərdən, ollandlardan...Bir tərəf tutun. Aylan bəbəyin buz kimi sularda donmuş bədənini xəbər saytlarına “buzlamadıq ki, dünya utansın” başlığı ilə yayırdınız. Bəs, Antalyada cocuq qatillərinə nasıl ziyafət verəcəksiniz? Əminəm ki, vicdanınız sızlayacaq. Yeri gəlmişkən, bəlkə G20 formatında İsrail zülmünü də masaya yatırasınız? “Öldürməyi iyi bilirlər” də, ondan. Sizin bu gün yanında səf tutduğunuz və sayğıyla “sayın Obama” dediyiniz adam da cocuq qatili deyilmi? İnsanlığa və ya islama hansı xidmətlərinə görə, bu adama “sayın” deyə müraciət edirsiniz? Demək, ölkələri viranəyə çevirmək, cocuq qatili olmaq insana sayğı gətirir, öyləmi?!.. Budur, “böyük siyasətin” iyrəncliyi!

İnsanpərvərsinizsə, həqiqi demokratiya istəyənsinizsə, ayrı-seçkilik qoymayın, birinə “qiyamçı”, digərinə “ilımlı müxalifət” deməyin. Başqa ölkələrin daxili işlərinə qarışmayın. Bu əhali sizi özünə vəkilmi tutub?!

“ABŞ demokratiyanın deyil, terrorun beşiyi imiş”

Bizim başımızı çox qatmaq istədilər ki, ABŞ “demokratiyanın beşiyidir”. Uzun illər bu nağılı danışıb uyutmaq istədilər. Amma həqiqət üzə çıxdı və məlum oldu ki, ABŞ demokratiyanın deyil, terrorun beşiyi imiş. Bunu Vyetnam, Koreya müharibəsi haqda çəkilmiş bəlgəsəllərdə görürük. Özləri etiraf edirlər ki, Vyetnamda, Koreyada ABŞ əsgərləri qırğınlar törədib. Təkcə 1961-ci ildə Veytnama hərbi müdaxilə etmiş ABŞ bu bölgədə hərbi personalının sayını 1969-cu ildə 543,4 min nəfərə çatdırıbmış. ABŞ bu müharibəyə 141 milyard dollar vəsait xərcləmişdir. Əvəzində 56,5 min nəfər ölü, 303,6 min nəfərisə yaralı əsgər və zabit...Hətta ABŞ Veytnamda müharibə qanunlarını qəddarcasına pozaraq kütləvi qırğın silahlarını, o cümlədən “Napalma”, “fosfor” və başqa zəhərləyici maddələri sınaqdan keçirdi. Məlum “4 iyun hərəkatı” da buna görə meydana gəldi. Hələ utanmazcasına “Rembo” kimi silsilə filmlər də çəkib sadəlövh insanları təsirləndirərək özlərinə bəraət də qazandırdılar.

Vaxtilə koreyalıları, vyetnamlıları qətl edənlər ABŞ dövlət postlarına sahiblənirdilər. Zamanında vyetnamçı olmuş hazırkı Con Kerri də elə həmin “rembo”ların davamçısıdır. İndi İraqda, Əfqanıstanda - harada lazımdırsa orda “zühur” edir. Əfqanıstan, İraq, Liviya, Suriya...ABŞ əsgərləri botlarının dəydiyi hər torpaqda bu gün də terror, qətliamlar davam edir. İraqda, Əfqanıstanda hər gün neçə-neçə partlayışlar baş verir, insanlar qırılır. Budurmu, “demokratiya” vədləriniz? Demək ki, sizin demokratiya anlayışınız insanların başına mərmi yağdırmaq, insanları qətlə yetirməkdən ibarət imiş.

“İnsanlıq adına ləkə olan bu dövlətlərin nəinki ikili, artıq simasızlıq standartları gün üzünə çıxmaqdadır”



Uzantılarınız da məlumdur. Biri elə G20-yə qatılan Səudiyyə Ərəbistanı. Nəzərə alsaq ki, bu sammitdə böyük iqtisadiyyata malik dövlətlər yer alır, demək ki, Səudiyyə Ərəbistanı də bu qəbildən hesab edilir. Amma Səudiyyənin iqtisadi qüdrəti aclıqdan köpük qusan müsəlman ölkələrinə yardımlarla deyil, Antalyada keçiriləcək G20 sammitinə “Mersedes” markalı 63 avtomobilin təyyarə ilə gətirilməsi, əşyalarının 16 yük maşını ilə regionun ən bahalı oteli – “Mardan Palace”yə daşınması, bu oteldə kral və şahzadə başda olmaqla 250 nəfərlik Səudiyyə heyəti üçün bir gecəsi minimum 800 avrodan başlayan və 15 min avroya qədər çıxan 546 otaq kirayələnməsində özünü büruzə verir. Ey islamın beşiyindən gələnlər, sizin nəzərinizdə müsəlmanlıq belədirmi? İslamın beşiyi olan bir dövlətin başçısı bu qədər zənginliyə, varidata malikikən, müsəlman uşaqların acından ölməsinin adı, sadəcə, yoxdur, məncə! Buna müvafiq bir söz, ifadə tapmağa heç çalışmayaq da. Bütün bunları buraxaq Hakimlərin Hakiminin təqdirinə. Allahı nəzərdə tuturam, cənablar!.. İnsanlıq adına ləkə olan bu dövlətlərin nəinki ikili, artıq simasızlıq standartları gün üzünə çıxmaqdadır. Onların “vassalı” olmağa razılaşmayanları guya, anti-demokratiya, insan haqlarının tapdanmasında qınayanlar, insanlıq dramına sadəcə seyrçi qalmaqdadır.

“İllərdir, “Qarabağ münaqişəsi sülh yoluyla həll olunmalıdır”, deyib, Ermənistana maliyyə dəstəyi verməklə məşğuldurlar”

Myanmarda müsəlman kəsim məhv edilir, ən adi, bəsit haqlardan məhrum edilir, səsverməyə buraxılmır. BMT də susur, G20-lər də. Bir əsrə yaxındır İsrail Fələstinin başına od ələyir, ərazilərini işğal edir, əhalisini ev-eşiyindən qovub çıxarır, təpədən dırnağadək silahlanmış İsrail əsgərləri əliyalın fələstinliləri qətlə yetirir, ABŞ “İsrailin təhlükəsizliyini təmin etmək hüququ var” deyir. Bəs o hüquq bizə niyə tanınmır? İllərdir, “Qarabağ münaqişəsi sülh yoluyla həll olunmalıdır”, deyib, Ermənistana maliyyə dəstəyi verməklə məşğuldurlar. Halbuki əsl terrorçu Ermənistan dövlətidir. Ukrayna münaqişəsində Rusiyaya sanksiyaları dolu kimi yağdıranlar eyni mövqeyi Ermənistana nədən sərgiləmir? Demək ki, işlərinə yarayanlara dost, yaramayanlara düşmən gözü ilə baxırlar. Özlərinə lazım olan yerdə terrorçuları dəstəkləyir, silahla təmin edir, havadan və qurudan müdafiə edir, adını da “mülayim müxalifət” qoyur, amma harada ki, istəklərinə qarşı çıxılır, onlara boyun əyilmir, radikal islamçı kimi məhvinə qərar verilir. Yəmənə qarşı koalisiya yaradılması və terrorçuların zərərsizləşdirilməsi adı altında dinc əhalinin, qadınların, uşaqların, xəstəxanaların bombardman edilməsinin başqa izahı varmı? Suriyada Bəşər Əsədin, indi də Putinin etdiyini ondan əvvəl ABŞ və əlaltıları edib və etməkdədir. Demək ki, müsəlman coğrafiyası uğrunda “böyüklərin savaşı” gedir. Bir-iki müsəlman dövlətini özünə “dost” tutub, onların əli ilə digərlərinin başına od yağdırırlar. Çıxarları da çox tərəflidir. Regionları təsir dairələrinə alır, yerüstü, yeraltı sərvətlərini ələ keçirir, özü üçün silah-sursat bazarı yaradır, yaxşı alıcı tapır, qazanır, həmin pula istehsal etdiyi silahları yenə də müsəlmanların başına yağdırır. Ölən, qırılan da yenə müsəlmandır. Üstəlik, dinimizi də gözdən salır, “islam terrorizmi” adı qoyub, əsaslarını zəiflətməyə çalışır. Bunca bəlli həqiqətlərin aşkar olması müqabilində bu yırtıcı dövlətlərə vassallıq - maşalıq edənlər də onlarla eyni suçu paylaşmırmı?

“…Çünki başqa yol, həqiqətən də, yox artıq!..”

Bəlkə fürsət varikən, papağı olan papağını, kimdə əmmamədirsə, əmmaməsini, ərəb də əqalı başından götürüb kufiyəsini qarşısına qoyub bir fikirləşsin: nədən müsəlman ölkələrində qan su yerinə axmalıdır və niyə bizi xristian dövlətləri barışdırmağa (guya ki! - E.Ə) çalışmalıdırlar? Bəs hanı bu islam dövlətlərinin başbilənləri, üləmaları, ayətullahları? Özümüz dərdimizə çarə etməyincə heç kim bizə kömək etməyəcək. Etsələr də, təmənnalı olacaq, qarşılığında nəysə verməli olacaqsınız. Təəssüf ki, bu “nəysə” də ya torpaqdır, ya da ölkəyə hökmranlıq. Xalqınsa zülm, zillət çəkməsi, dinin də zəifləməsi.

Ozan Arif demişkən:

Nərdəsin, əhli-islam? Ey Muhəmməd ümməti?
Səndəmi görmüyorsun bu zülmü, bu vəhşəti?
İştə, gün vəhdət günü! Gerçəkləşdir vəhdəti!
Allahu-Əkbər deyib, tək yumruq ol, tək artıq!


… Çünki başqa yol, həqiqətən də, yox artıq!..

Vəssalam!
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
29.04.2016 Cənnət yolçuları...
16.08.2015 Vicdan məsələsində şeyxə kömək
21.04.2015 Kar, kor, lal Avropa